-
Enerji layihələri, regional münasibətlər, hökumətin fəaliyyəti və mobil operatorlardan narazılıq bu gün medianın aparıcı mövzusudur.
«ƏSRİN LAYİHƏLƏRİ»NƏ HƏYAT VERƏN AZƏRBAYCAN
«Azərbaycan» qəzetində ««Əsrin layihələri»nə həyat verən Azərbaycan» başlıqlı yazı dərc edilib. Məqalənin müəllifi qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur. Deputat-baş redaktor yazısına prezidentdən sitat gətirməklə başlayır: ««Cənub qaz dəhlizi» layihəsi bir çox illər ərzində hamımıza-hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək».
Məqalədə qeyd edilir ki, ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanan Azərbaycan olduqca mürəkkəb və çıxılmaz vəziyyətdə olub: «Torpaqların Ermənistan sovet hərbi birləşmələri tərəfindən işğalı, anarxiya, qanunsuzluq, ölkəni bürüyən dərin iqtisadi böhran, işsizlik, inflyasiya və qıtlığı da nəzərə alanda nicat yolunun olmadığı görünürdü. Amma xalqın sevimli rəhbəri, ümummilli lider Heydər Əliyev çıxış yolunu taparaq müstəqilliyi qoruyub saxlamaqla yanaşı, xalqı bəlalardan sovuşdurmağı bacardı. Onun atdığı ən müdrik addımlardan biri «Əsrin müqaviləsi» adlanan neft kontraktının imzalanması oldu».
Müəllif daha sonra da indiki prezident İlham Əliyevin fəaliyyətinə geniş yer verir. Bununla da «Cənub qaz dəhlizi» layihəsinin üzərində dayanır: «Əslində, «Cənub qaz dəhlizi» layihəsi «Əsrin müqaviləsi» layihəsinin yeni əsrdə təkrarıdır», -deyə məqalədə qeyd edilir.
ANTİBÖHRAN BÖHRANI DAHA DA DƏRİNLƏŞDİRİB
«Ötən müddət ərzində hökumətin bütün fəaliyyəti böhranın dərinləşməsinə xidmət edib. Hökumətin böyük islahatlar olacağı haqda vədləri özünü doğrultmayıb». Bu cümlə isə «Azadlıq» qəzetində dərc edilən «Hökumətin anti-böhran tədbirinə bir «quş»» sərlövhəli məqalədəndir.
Məqalədə qeyd edilir ki, hətta böhranı aradan qaldırmaq üçün bir neçə yeni qurumların yaradılmasının da effekti olmayacaq: «Bütün bu tədbirlər imitasiya xarakteri daşıyır və hökumət ciddi islahatlara getmək fikrində deyil. Korrupsiya, inhisar qüvvəsində qalır, mənasız layihələrə yenə də pullar xərclənir və cəzasızlıq mühiti davam edir». Məqalədə iş adamlarının Türkiyəyə və Gürcüstana investisiya yatırmaları ölkədə onların sərbəst fəaliyyətinə imkan yaradılmaması kimi dəyərləndirilir. Ölkədə idxal və ixracın kəskin azalmasının danılmaz gerçəklik olduğu qeyd edilir. Bu ilin ilk 3 ayında ölkənin xarici ticarət dövriyyəsinin keçən ilin eyni dövrü ilə müqayisədə 40 faizə yaxın azaldığı bildirilir: «Rəsmi statistika, müqayisəli təhlillər göstərir ki, mövcud hökumət ölkəni böhrandan çıxarmağa qadir deyil və bunun üçün siyasi iradəsi yoxdur».
CİBİMİZDƏN HƏR AY SİLİNƏN 200 MİN MANAT
«Bütün yerli mobil operatorlar hər gün öz müştərilərinin hüquqlarını tapdalayırlar. Demək olar ki, bütün müştərilər onlardan pul silinməsindən şikayətlənirlər».
Ekspert Nəriman Ağayevin bu fikirləri «Exo» qəzetində dərc edilən «200 min manata yaxın» sərlövhəli məqalədə yer alıb. .
Ekspertin deməsinə görə, artıq pulları, əsasən, zənglərə və internet xidmətlərə görə silirlər: «Yerli mobil operatorlar abonentlərin 20 faizindən hər ay 200 min manata yaxın pul silirlər. Orta hesabla hər iki-üç gün ərzində müştərinin hesabından əsassız olaraq 15-20 qəpik arasında pul silinir».
N.Ağayev qeyd edir ki, müştərilərin, ən azı, 20 faizi bu problemlə üzləşir. Onun fikrincə, xüsusilə mobil telefondan daha çox istifadə edən gənclər belə aldanılırlar.
N.Ağayev deyir ki, 2015-ci ildə İqtisadiyyat Nazirliyinin tədbirində bu məsələ qaldırılıb. Amma hər hansı bir tədbir görülməyib.
ALVER OLMASA DA, YERPULU VERMƏLİSƏN...
«Hər addımbaşı ticarət obyektlərinin üstünə ya «icarəyə verilir», ya da «70 faiz endirim» sözlərinin yazıldığını görürük. Bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə izah edirlər».
«Bizim Yol» qəzetində «Topdansatış mərkəzlərində ticarət dayanıb» adlı məqalədə belə deyilir.
«Sədərək» Ticarət Mərkəzində çalışan Əli Məmmədov qəzetə deyib ki, artıq alver yoxdur: «Alver yoxdur, çünki alıcılar bütün ticarətçilərə yetəcək deyil. Ticarət mərkəzinin önündə gördüyünüz avtomobillər ticarətçilərindir və əksəriyyəti kreditə alınıb. Geyim sektorunda durum isə acınacaqlıdır».
İş adamları deyiblər ki, vəziyyət xüsusilə son bir ayda pisləşib. «Alver zəif, yerpulu isə ödənməlidir. Mal satılır, ancaq yerpulunu ödəməyə kifayət edir. Tək mən deyiləm, burada çoxları bu durumdadır»,- deyə iş adamlarından biri qeyd edib.
İş adamlarının bildirməsinə görə, məhz manatın devalvasiyası bu vəziyyəti yaradıb. İndi onlar yerpulunun azaldılmasını istəyirlər.
Yerpulu isə bir çox parametrlərdən asılı olaraq 250-350 manatdan 1000-2500 manat arasında dəyişir: «Günlərlə heç icarə haqqını da çıxara bilmirik. Hamı görür ki, bazara gələn yoxdur. Bazar rəhbərliyi də bunu nəzərə alıb icarə haqqında yenə güzəşt etməlidir».