-
Sanksiyalar qaldırılıb, amma İran hələ də gözlədiyi gəliri əldə edə bilmir; Amerikalıların 53 faizi Obama-nın iqtisadiyyatı yönəltmə bacarığına inanır – 19 aprel Qərb mediasının icmalı.
«Səudiyyə Ərəbistanının neft hasilatını dondurmaq üzrə danışıqları boşa çıxarması krallığın neft siyasətindəki dəyişikliyi təsdiqləmiş oldu. Səudiyyə onillər boyunca neftdən diplomatik silah kimi yararlanmadığını eşitdirirdi. Ancaq ötən bazar Dohadakı danışıqlarda məhz İranla münaqişədə tərəf kimi davrandı». «Reuters» agentliyinin bazar təhlilçisi John Kemp belə yazır.
Aprelin 17-də Qətər paytaxtında OPEC-lə Rusiya hasilatı dondurmağa qərar verə bilmədilər. Müəllifin fikrincə, Səudiyyə hasilatla bağlı heç bir məhdudiyyətə, hətta rekord səviyyədə dondurmağa da razılaşmayacaq. Gərək öncə İran eyni şeyə razılaşsın. Tehransa hasilatı sanksiyalardan əvvəlki həddə çatdırmağı hədəfləyir:
«Mövqeyində israr edən Səudiyyə danışıqları iflasa uğratdı və nəticədən razı qaldı. Ər-Riyad neftin ucuzlaşmasına, bütün istehsalçıların az gəlir əldə etməsinə razılaşar, amma rəqibinin gəlirini artıracaq razılaşmaya yox».
Bəzi təhlilçilərin qənaətinə görə, krallıq neftin belə tez və sürətlə bahalanmasından təşvişə düşüb. Axı bundan ABŞ-dakı və digər istehsalçılar qazanmış olur. Digər tərəfdən, qiymətin qalxması Səudiyyə Ərəbistanı ilə müttəfiqlərinin bu qədər əziyyətlə gerçəkləşdirdikləri bazarın yenidən optimallaşdırılması siyasətini riskə atır.
Müəllif yazır ki, bütün hallarda, neft siyasəti krallığın İranla münaqişəsinin bir parçasına çevrilib. Tərəflərin acı konflikti artıq neft bazarına da keçib:
«Qiymətin bahalanmasını istəyən digər istehsalçılardan fərqli olaraq, Səudiyyə Ərəbistanı, öz iqtisadiyyatına ziyan dəysə belə, daha aşağı qiymət riskinə getməyə hazırdır, təki İrana daha artıq zərbə vursun».
İRAN NƏYİ DÜZƏLTMƏLİDİR?
Ötən ilin iyulunda Birləşmiş Ştatlar, Rusiya və digər dövlətlərlə nüvə sazişi imzalamış İran hələ gözlədiyi iqtisadi gəliri əldə edə bilmir. İranlılar dilxordular, ancaq bunda özləri daha çox günahkardırlar. «The New York Times» qəzeti redaksiya məqaləsində belə yazır.
Qəzet ötən ay ali dini lider Ayətulla Ali Khamenei-nin biznesin müxtəlif sahələrində, banklardakı pulların geri alınmasındakı problemlərdən gileylənməsinə diqqət çəkir:
«Bir əngəl odur ki, Amerika sanksiyalarının çoxu qüvvədə qalır. Bu sanksiyalar İranın terrorçuluqda iştirakı, insan haqları pozuntuları, ballistik raket sınaqlarına görə qoyulub. İran bilirdi ki, nüvə sazişinə Amerika sanksiyalarının hamısı daxil deyil. Yəni Amerika şirkətləri İranda biznes qura bilməz, ancaq mülki aviasiya, xalça və kənd təsərrüfatı məhsulları sahəsində alış-veriş mümkündür. İran, hələ də, Amerika maliyyə sistemindən, dollardan faydalana bilmir. İranla işləyən xeyli sayda xarici bank da bu məsələyə tərəddüdlə yanaşır, Amerika sanksiyalarını pozacaqlarından ehtiyatlanırlar».
ABŞ Maliyyə Departamenti hazırda Tehranla biznes qurmağın şərtlərini aydınlaşdırmağa çalışır.
Respublikaçı senatorlar Marco Rubio və Mark Kirk bir qanun layihəsi hazırlayıblar. Məqsəd - İranla dollar sövdələşmələrini daha da çətinləşdirmək, nüvə sazişinə zərbə vurmaqdır. Məqalədə vurğulanır ki, «ABŞ qanunvericiliyinə uyğun olaraq, İrana sanksiyalar qalmalıdır. Ancaq nüvə sazişinə əməl etdiyi dönəmdə Konqres bu ölkəylə qanuni biznesi əngəlləyəcək addım atmamalıdır. İranlıların nüvə sazişindən faydalanması, bu sazişə əməl olunması və İrandakı mötədil qüvvələrin güclənməsi Amerika maraqları çərçivəsindədir».
OBAMA-NIN İQTİSADİ LİDERLİYİNƏ İNANIRLAR
Amerikalıların yarısı prezident Barack Obama-nın ölkə iqtisadiyyatını gəlişdirdiyinə, yaxud doğru yolları tövsiyə etdiyinə inanır. Bunu «Gallup» sorğu mərkəzi üzə çıxarıb.
Amerikalılar prezidentliyinin 1-ci və 2-ci dönəminin ilk illərində Obama-ya daha çox inanırdılar. 2009-cu ildə onların 71 faizi, 2013-cü ildə isə 57 faizi bu prezidentə inamını ifadə etmişdi. 2014-cü ildə həmin rəqəm 42 faizə enmişdi.
«Gallup»ın aprelin 6-10-da keçirdiyi sorğuda isə amerikalıların 53 faizi Obama-nın iqtisadiyyatı yönəltmə bacarığına inandığını söyləyib.
2001 və 2008-ci illərdə prezident George W.Bush-la bağlı eyni sualı amerikalıların 54 faizi müsbət cavab vermişdi.
Partiyalar arasındasa Obama-ya inamla bağlıkəskin fərqlər var. Demokratların 86; Respublikaçılarınsa 14 faizi onun düzgün iqtisadi kurs apardığına inanır. Müstəqillər arasında bu faiz 46 rəqəmində qərarlaşıb.
ABŞ-da prezidentdən sonra iqtisadiyyat sahəsində 2-ci lider Federal Ehtiyatlar Fondunun (FED) sədri Janet Yellen sayılır. O, 2014-cü ilin fevralından bəri bu vəzifəni icra edir. Hər dörd amerikalıdan biri xanım Yellen-i yaxşı tanımadığını söyləyir və bu səbəbdən ona inam dərəcəsindən danışmağa çətinlik çəkir. Amerikalıların 38 faizi xanım Yellen-ə inanır, 35 faizi isə inamla inamsızlıq arasında tərəddüd edir, 26 faizi bu barədə fikri olmadığını söyləyir.
«Gallup» bildirir ki, Yellen bu vəzifədə olduğu müddətdə ona inam 40 faiz civarında qərarlaşıb. İnamsızlıq bildirənlərin sayı 2014-cü ildə 43; ötən il 31 faiz olub.
Amma maraqlıdır ki, respublikaçılar Obama-dan (14 faiz) çox, Yellen-ə (37 faiz) inanırlar. Demokratlarınsa 42 faizi FED rəhbərinə güvənir.