Atəşkəsin 114 dəfə pozulduğu deyilir

Qarabağda erməni hərbçilər.

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 114 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndləri atəşə tutulub.

Habelə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin atəşə tutulduğu bildirilir.

Bundan başqa, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Mərzili, Şuraabad, Qaraqaşlı və Yusifcanlı kəndlərinin də atəş altında qaldığı açıqlanır.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bəzi məntəqələri atəşə tutulub.

Müdafiə Nazirliyinin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.