İran neftini daşımağa gəmi axtarır

Neft tankeri

-

Türkiyə Dəməşqlə danışıqlara gedir – kürdlərə görə; Rusiyanın sıxıntılı iqtisadiyyatını necə qurtarmalı – 20 aprel Qərb mediasının icmalı.

İranın neft ixracını artırması yolunda daha bir əngəl peyda olub – nefti daşımağa gəmi tapmır. Belə ki, tankerlərinin çoxu neftlə doludur, bəziləri standartlara uyğun deyil, xarici gəmilər isə İran yükünü daşımağa meyl göstərmir. Bu eksklüziv məlumatı «Reuters» agentliyi yayıb.

Agentlik İran hökumətinin yüksəkrütbəli rəsmisinə istinadla yazır ki, hazırda İran donanmasında 55-60 neft tanker var. Həmin rəsmi neçə gəminin neftlə dolu olduğunu açıqlamayıb. Ancaq bəzi mənbələr neft dolu 25-27 tankerin terminallarda gözlədiyini söyləyir. Rəsmi deyib ki, 20-dək böyük tanker modernləşdirilməlidir.

Avropa Birliyi 2011-2012-ci illərdə Tehrana sanksiyalar qoymuşdu. Tehran indi itkisinin əvəzini çıxmağa çalışır.

Yanvarda sanksiyalar qaldırılandan 8 xarici tanker 8 milyon barrel İran neftini Avropaya çatdırıb. 2012-ci ildən öncə isə Avropa İrandan gündə 800 min barrel neft alırdı. Yəni 8 milyon barrel 10 günə alınırdı. Hələlik, hansısa İran tankeri Avropaya neft çatdırmayıb.

«Euronav» beynəlxalq neft tankeri şirkətinin rəhbəri Paddy Rodgers agentliyə deyib ki, hazırda İranla iş görmək elə də vacib deyil:

«İş çoxdur, bazarlar qaynayır, qiymət yaxşıdır. Yəni İranla işləməyi qaçılmaz edən bir səbəb yoxdur. Tehranla ticarətdən ötrü Dubayda avro hesabı da açmaq istəmirəm, ağılsızlıq olardı».

Qeyd edək ki, İrana ABŞ sanksiyaları qalır və dollarla əməliyyatlara qadağalar var.

«Reuters»ə açıqlama verən İran rəsmisi də etiraf edib ki, xarici tanker icarəyə götürməkdə çətinliklərlə üzləşirlər: «Problemlər üzərində işləyirik. Maliyyə, bank, hətta sığorta məsələləri var. Sanksiyalar qaldırılandan durum bir az düzəlib, ancaq yenə də ciddi problemlər qalır».

Bashar al-Assad və R.T.Erdoğan

TÜRKİYƏ DƏMƏŞQLƏ DANIŞIQLARA GEDİR

Türkiyənin Suriya vətəndaş müharibəsində prioritetlərini seçdiyi görünür. Əlcəzairin «El Watan» qəzeti aprelin 8-də yazıb ki, ölkə Suriya ilə Türkiyə arasında pərdəarxası dialoqa vasitəçilik edir.

«Stratfor» Araşdırmalar Mərkəzi bir mənbənin bu məlumatı təsdiqlədiyini qeyd edir. Ankara müzakirələrdə Suriyada müstəqil kürd dövlətinin yaradılması sarıdan narahatlığını önə çəkir. Mənbə bildirir ki, Türkiyənin Baş naziri Ahmet Davutoğlu martın 5-də Tehrana səfəri zamanı bu məsələni qaldırıb və Suriyada kürdlərə nəzarətlə bağlı Dəməşqlə müzakirəyə plan da təklif edib.

«Türkiyənin Dəməşqlə işləmək qərarı onun Suriyada məqsədlərini köklü dəyişmir; Ankara Bashar al-Assad hökumətinin mötədil, sünni hökuməti ilə əvəzlənməsini istəyir ki, ona təsir göstərə bilsin. Ancaq görünən odur ki, Ankaranın diqqəti Suriya hökumətindən çox oradakı kürdlər üzərinə cəmləşib», - «Stratfor» yazır.

«Türkiyənin ərazi bütövlüyünə ən böyük təhlükəni «İslam Dövləti» qruplaşmasından savayı, Kürd Xalq Mühafizə Birliyi (YPG) və Demokratik Birlik Partiyası (PYD) yaradır. Türkiyə Suriyanın şimalına hərbi müdaxilə planlaşdırmaqla bir daşla iki quş vurmaq istəyirdi. Həm İŞİD-i sərhədlərindən uzaqlaşdırar, həm də YPG-ni nəzarət etdiyi ərazilərdə sıxışdırmış olardı. Ancaq ötən ilin noyabrında Rusiya təyyarəsini vurandan bəri Moskva Türkiyənin planlarına sipər çəkmiş olub».

Mərkəz yazır ki, indi Türkiyə sərhədinin öz tayında qalıb, YPG qüvvələri isə durumdan yararlanır. «Türkiyə Suriyada hakimiyyət keçidi nəticəsində de-fakto kürd dövlətinin yaranmasını istəmir, ona görə də regiondakı digər dövlətlərlə danışıqlar aparır».

Yazıda vurğulanır ki, Suriya hökuməti də kürd federalizminə qarşı çıxır, ancaq hazırda ölkənin şərqində və şimalında kürd ekspansiyasını önləmək Assad-ın əsas hədəfləri deyil. Hökumət qüvvələri YPG ilə böyük qarşıdurmadan qaçır.

«Stratfor»un mənbəyi iddia edir ki, Türkiyə Suriya hökumətindən YPG və PYD ilə mübarizədə əməkdaşlıq istəyir. Suriya isə Türkiyədən tələb edir ki, ölkədəki münaqişədə iştirakını azaltsın. Hələlik, danışıqlar bir nəticə verməyib.

«Dəməşqin mövqeyi zəifdir. Bu səbəbdən Ankara hökumətin kürd ekspansiyasını önləyəcəyinə güvənə bilməz. İstənilən halda, Türkiyə kürd təhlükəsi ilə birbaşa məşğul olmaqdan ötrü Suriyaya daha çox girməli olacaq», - təhlildə vurğulanır.

Rubl. Karikatura

RUSİYANIN SIXINTILI İQTİSADİYYATI

«Foreign Affairs» dərgisində Sergei Guriev Rusiya iqtisadiyyatının indiki durumunu təsvir edir və Kremlin iqtisadiyyatın stimullaşdırılması üçün gərəkən addımlarından söz açır.

Müəllif köhnə bir zarafatı yada salır. 1990-cı illərin ortalarında Britaniyanın Baş naziri John Major Rusiya prezidenti Boris Yeltsin-dən xahiş edib ki, ölkə iqtisadiyyatını bir sözlə xarakterizə etsin. «Yaxşıdır», - Yeltsin deyib. Major əlavə bilgi almaq arzusuyla iki sözlü təsvir istəyib. Yeltsin qayıdıb ki, «yaxşı deyil».

«Bu zarafat öncəgörmə idi. Son 25 ildə Rusiya iqtisadiyyatı «yaxşı» və «pis» arasında var-gəl edib. 1990-cı illərdə Rusiyada ÜDM 40 faiz düşüb. 1999-2008-ci illərdə isə hər il orta hesabla 7 faiz artıb. Son bir neçə ildə durum yenidən pisləşib», - yazan müəllif Moskvanın ziyanın yarısından qayıtmasının mümkünlüyünü də vurğulayır. Məsələn, Ukraynada zorakılıq dayandırıla bilər, artımı hədəfləyən, bazaryönlü siyasət yürüdülə bilər. «Ancaq prezident Vladimir Putin iqtisadiyyatda islahatlar vədinə əməl etmədi. Moskvada status-kvonu dəyişməyə meyl göstərənlər azdır. Bədəlini isə sıravi rusiyalılar ödəyir».

Yazıda Rusiya iqtisadiyyatına 3 əngəldən söz açılır – dərin korrupsiya, hüququn aliliyin zəifliyi, monopoliyalar; neftin ucuzlaşmasının vurduğu zərbə; Ukraynanın Krım vilayətinin ilhaqına görə Qərbin qoyduğu sanksiyalar.

«Rusiya, hələ də, bəzi addımlar ata bilər. Bir variant hökumətin sərt qənaət tədbirlərinə keçməsi, büdcə xərclərini azaltmasıdır. Ancaq kəməri sıxmaqdan yorulmuş rusiyalılar bunu dəstəkləməyə bilərlər. Rusiya Ukraynada münaqişəni bitirməklə Qərbin sanksiyaları qaldırmasına da nail ola bilər. Rusiya qlobal bazarlara re-inteqrasiya edə bilsə, Moskva defisiti xarici kreditlərlə ödəyər, iflas riskindən qurtular. Uzunmüddətli perspektivdə isə dərin struktur islahatlar aparılmadan Rusiyada iqtisadi artım mümkün görünmür», - müəllif yazır.