Avropa Parlamenti Yunusları salamlayır

Avropa Parlamenti

-

Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsinin rəhbəri Elena Valenciano hüquq müdafiəçiləri Leyla və Arif Yunusun ölkədən buraxılması barədə qərarı alqışlayıb.

E.Valenciano bəyanatla çıxış edib: «Mən Azərbaycan hakimiyyətinin Leyla və Arif Yunusların ölkəni tərk etməsinə icazə verilməsi barədə qərarını alqışlayıram. Leyla və Arif Yunusların səhhətinin pisləşməsini nəzərə alaraq hesab edirəm ki, bu, Avropa Parlamentinin nail olduğu müsbət addımdır. Sevindirici haldır ki, onların tibbi müayinəsi və müntəzəm həkim nəzarəti təmin olunub».

E.Valenciano həmçinin qeyd edir ki, Avropa Parlamenti ikitərəfli mürəkkəb məsələlər, o cümlədən insan hüquqları ilə bağlı Azərbaycandakı həmkarları ilə əməkdaşlıq etməyə hazırdır.

Ali Məhkəmə Yunusların kassasiya şikayətinə aprelin 18-də baxaraq onların ölkədən çıxışını təmin edib.

Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunmuşdular, dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

2015-ci il avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi sonradan onlara verilən cəzanı şərti hesab edərək azadlığa buraxdı.

Amma üzərilərində şərti cəza olduğundan ölkəni tərk etmələrinə qadağa qoyulmuşdu.