►Avronun bahalaşması fondun gəlirlərinə təsir göstərib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin birinci rübündə büdcə gəlirlərinin 2 milyard 23,1 milyon manat olduğunu açıqlayıb.
Fondun açıqlamasında deyilir ki, neft və qaz sazişlərinin gerçəkləşdirilməsindən 1 milyard 874,3 milyon manat gəlir götürülüb.
Vəsaitin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manat olub.
Qeyd olunanlardan başqa, ARDNF valyuta məzənnələrinin dəyişməsindən 354,1 milyon manat qazanc götürüb.
İlin əvvəli ilə müqayisədə Fondun aktivləri 2 faiz artaraq, 33 milyard 574,1 milyondan aprelin 1-də 34 milyard 246 milyon ABŞ dollarına çatıb.
Müxtəlif “səbət”lərin faydası
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna fondun gəlirlərinin artmasını şərh edərkən deyib ki, bu, fondun aktivlərinin müxtəlif “səbətlərdə” saxlanması ilə bağlıdır. Vəsaitlər müxtəlif valyutada, eləcə də hər biri aktivlərin 5 faizi həcmində olmaqla, qızıl, daşınmaz əmlak və qiymətli kağızlarda saxlanılır.
İ. Şabanın hesablamasına görə, bu il qızılın bahalaşması Fondun aktivlərini təxminən 150 milyon manat artırıb. Fond əvvəlki illərdə 30 ton 175 kq (970 min 146 troya unsiyası) qızıl alıb.
Aktivlərin 10,2 milyonu avroda saxlanır. Bu ilin 3 ayı boyunca avro 5 faiz möhkəmlənib. Nəticədə ARDNF avronun hesabına xeyli irəli düşüb. Ekspert belə deyir.
ARDNF bu il qazandığı vəsaitin 1 milyard 946,7 milyon manatını artıq xərcləyib. Bunun 1 milyard 660 milyon manatı dövlət büdcəsinə transfert edilib.