-
Hadi Qaraçay
YAŞA EY UCA ZİRVƏ
Boy boylamalardan keçmiş
Söy söyləmələrdən aşmışdır işimiz.
Qış qabağı
Asta gələn qar örnəyidir pıçıltılarınız.
Sevişdiz səssizcəsinə.
Dilinizi bilən, sular oldu-
Sahillərə dodaq basarkən,
Otlar oldu
Torpaqla sevişərkən.
Qırmızı alma atdıq Arazının bu tayından o tayına
Qırmızı yaylıq dəbərtdilər Arazın o tayından bu tayına.
Ağrısını çəkmədiyimizdən
Dərdini
Yaşamadığımızdan
Nə yüyrək gəlirdi bizə keşmişlər.
Sizsə səssiz
Sizsə
Bulaq qaynaşması tək sakit görüşdünüz.
Bulud topalarının anlıq görüşməsindən çeşidli
Nə şimşək çaxması
Nə ıldırım şaxması.
Böylə olurmuş
Sıldıım qayaların əsirlik sevişmələri.
***
Ax, siz ey gecikmiş qaranquşlar
Bizə gələrkən,
Görəcəksiniz,
Dəyişmiş bütün nağılların başlıqları.
İtə at
Ətə ot söyləyənlər görəcəksiniz.
Və üzünüz kimi hamar diliniz
Çaşacaqdır dəli dəyişmələrdən.
Gözləriniz şaşqın-şaşqın baxacaq
Ağacların baş-ayaq göyərməsinə.
Alma ağaclarında ağı
Dağdağanlarda qaramıx kollarına tuşlanacaq
Qap-qara gözləriniz.
Və siz
Unutduğunuz kimi
Unudacaqsınız
O ilkin nağılı.
2.
Bir daha çıxmadı o böyük ışıq.
Bir daha görünmədi
Türkmənçay düzənində batan günəş.
Və uzun, ölümcül yuxuya daldı
Gülüstan bağlarında şehli çiçəklər.
Qadınlar saqqız çeynəyir
Və kişilər
Tütün torbasında gizlədirlər azarlarını.
Küləklərin döyəcində
Uzun-uzadı uzanmışdır çanqıllı torpaq.
Və kimsəni maraqlandırmır
Dağılmış maraq incisi
O böyük itgi.
Şəhərlərimiz şişdi
Kəndlərimiz artdı.
Və günü gündən böyüdü
Yurda dağılmış insan kölgəsi.
Qulluğumuza inanmadıq,
Qul bazarlarında
satılmadığımızdan.
Ağac
Barı üstündə satılan tək
satılmışdıq.
Əkilən əkinlərlə
Biçilən biçinlərlə
böyləcə.
Savadsızdır deyə
Qınanmadılar qarayaxalar
Və aydınlarımız gəvşədilər
Yabancı kökdə bitmiş söz alaqların.
Dil
el
yurd
talandılar,
Güz küləklərində talanmış ağac kimi.
Çöldə çalı
Köydə
Qəpik-quruşların cingiltisi oldu insan hörməti.
Ac quşların darı yuxusunda
Tamudan uçmaq qoxusu çəkdilər
Və əlləri döşlərində,
bağrı basıq
Qapı ağzında tapıda durdular dədələr.
Ax,
Tükənmədi
Qurtarmadı
Ürəklərinin yüküş sayqısı.
Azadlıq
Yozumsuz yuxuya döndü.
Şeytan dilində söylənmiş nağıldı,
Qan qoxuyan
göl idi azadlıq.
Susdular
Evlərinin qalın tufarları arxasında,
Susdular
Pulun və mülkün nəmli kölgəsində.
Susdular qadınlarının çadrası altında,
Susdular qorxularında.
Və qorxunun iylənmiş löhməsindən
Uca heykəl yaratdılar,
Qadın heykəli.
Adı dostluq
Adı İran.
Böylə yaşadılar Gülüstanda
Əyinləri çıxarılmış “qəhrəmanlar”
Böylə yaşadılar
Türkəmnçay dağlarında
Soyum-soyum soyulanlar.
Özgürlük,
Hə evdən öldürülmüş bir oğul idi.
Varlılar
Varlarına satdılar qan bahasını,
Yoxsullar
Yoxlarına.
Və böyləcə
Hər kəs öz evində quyladı quylanmaz cəsədi.
Ey hey... sıldırım qayalar!
Sizə
“Anam” deməyə utanmayacam.
Bir gün danışacaqdınız
Sümüklərinizdə qılınc yarasından bitmiş
ardıclardan.
Bir gün danışacaqdınız
O qəhəmanlardan.
3.
Ağaclar yorğun.
Kirli çimənlər üstündə
Bitlənir çəkirtgələr.
Torpağa dirənmiş barsız buludlar.
Görüntüdə boşluq,
Görüntüdə
Görkəmsiz yurd.
Üç bucaq deyil
Dörd bucaq deyil
Ilğım köynəyində
İti sivrilib keçmiş ilan ləpiridir bu yurd.
Nə dünəni
Nə bu günü.
Əyilib tikanlarından öpməkdir
Və yanmış qumlarına dodaq basmaqdır şeirim.
Qısaca tapınmaqdır azadlıq heykəlinə.
Gözlərimi yumuram.
Açılır bağlı qapılar birər-birər.
Birinci qapı.
Darısqal küçələrdə atışma səsi.
Barıt qoxusu,
Üzərlik yuxusu,
Ölüm kölgəsində sönən bayramlar...
Bayraqlar isə
Torpağın öz rəngində.
Qırmızı.
Yaşamaq,
Bütün dərdləriylə
Sonucda ləzzətimiş.
Ərkin yuxusuz gözlərində
Sevinc.
Və xanın dodaqlarında
Şirin təbəssüm.
Ax mənim mehriban yurdum
Ölüm,
Bizi öldürmək üçün nə sarsaq hərbəyimiş.
Yaşa ey uca zirvə.
Yasəmən qoxuyan yanaqlarından öpməkdir
Və sehirli torpağına dodaq basmaqdır yaşam.
Bolluq yağışın yağar
Xoşluq selin axar
Və coşqu alovların yanar dursun anam!
Bu gündən sabaha uzanan umud lağımıymış, insanın gülüş haqqı,
Sevinc payı imiş azadlıq.
Ana dilində oxunan mahnının həyəcanı,
Fəhlənin
Ləzzətlə işdən ayrılmasıymış azadlıq.
Gözlərimi açıram,
İllər kəpənək kimi uçuşur incə.
Gözlərimi yumuram
Bağlanır birinci qapı duman içində.
Atabəy bağı
Namərd tuzağı
Qəfildən gələn güllə,
Titrəşən diz
Sıxışan diş
Və xanın dodaqlarında acı təbəssüm
Ax mənim mehriban yurdum
Ölüm
Bizi öldürmək üçün sarsaq bir hərbə.
Yaşa ey uca zirvə.
Yasəmən qoxuyan yanaqlarından öpməkdir
Və sehirli torpağına dodaq basmaqdır ölüm.
İştə mən burdayam
İştə biz burdayıq
Verdiyimiz halal olsun anam,
Və ulu kölgən kəsilməsin torpağımızdan!