-
Devalvasiyadan və gömrük qaydalarının dəyişdirilməsindən sonra kitab bazarında ciddi dəyişikliklər oldu.
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun dediyinə görə, nəşriyyatlar devalvasiyadan əvvəl kağızın 1 tonunu min manata alırdısa, indi min dollara alırlar, kitabın nəşriyyatda başa gəlməsi ən azı 50 faiz qalxıb.
"Kitabevim" kitab marketilə əməkdaşlıq edən “Hədəf” nəşrlər evinin rəhbəri Müşfiq Xan deyir ki, devalvasiyadan sonra kitab bazarı qışdan birbaşa yayın cırhacırına adladı. Kitab bazarında ən ölü ay iyuldur.
2016-cı ilin ilk 4 ayındakı kitab satışının vəziyyətini ayrıca – qara zonada yerləşən 13-cü ayla göstərsək daha doğru olar.
"Bu, elə bir məsələdir ki, rəqəmlər danışmalıdır. Hər nə qədər bunu görməzdən gələn qələm adamları olsa da, əsər istehlakçısının – oxucusunun əlinə çatması üçün yazılır. Amma 2016-nın yanvar-fevral-mart aylarında ay ərzində 5-10 ədəd satılan kitab çox satılan kitab siyahısına düşə bilib. Bu, Azərbaycan reallığıdır və bu mənzərənin palitrasında oxucuların da rəngləri var."
Yeni gömrük qaydaları
Kitab bazarına devalvasiyadan sonra gömrük sisteminin elektronlaşması da zərbə vurub. Türkiyədən kitab gətirənlərə daha avtobusdan istifadə etməyə icazə verilmir. Onlar sifarişlərini artıq avtobusla yox, böyük yük maşınlarıyla gətirə bilərlər. Həmin yük maşınlarının sürücüləri isə müəyyən limit qoyublar, müəyyən kiloqramdan az yük gətirmirlər. Bununla da Türkiyədən kitab sifariş edən oxucuların gözü yolda qaldı.
Kitabı Türkiyədən alandan sonra üzərində 3 faiz Gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisi, mağazaya gətirib satanda üzərinə 4 faiz satış vergisi gəlir. Türkiyədən alınan kitab Azərbaycan oxucusuna çatana qədər üzərinə bu qədər vergi, üstəgəl, satıcının qazanmaq üçün qoyduğu pul gəlir. Belə baha kitabı isə Azərbaycan oxucusu ala bilmir.
Elə isə xarici kitablar Azərbaycanda çap olunmalıdır. Bunun isə öz çətinlikləri var:
"Hədəf" nəşriyyatının direktoru OxuZalına deyir ki, oxucunu hansısa yeni dünya ədəbiyyatı nümunəsi ilə tanış etmək istəyirsənsə, risk etməyi bacarmalı, yaxud da xeyriyyəçi olmalısan:
Müəllifin bizdə çap hüququ, xaricdən ABŞ dolları ilə gətirilən kağız, çap qəlibləri (formalar), tərcümə, redaktə, korrektə, dizayn qonorarı – kitabın populyar olmadığı ölkədə kim belə labirint yollardan keçmək istəyər ki?!
"Piratçılıqla məşğul olanların nəşriyyatlara vurduğu ciddi zərəri də nəzərə alsaq, bizimki xərçəng xəstəliyi diaqnozu qoyulan insanın hər şeyi unudub dünya turuna çıxmasına bənzəyir. Çalışırıq sadaladığım problemləri yada salmayaq, həvəsdən düşməyək və az da olsa irəliləyə bilək."