İcbari tibbi sığorta paketi hazırlanır

Foto illüstrasiya

-

«İcbari tibbi sığorta paketi hazırlanır. İlkin mərhələdə paketi vətəndaşların daha çox əziyyət çəkdiyi xəstəliklər üzrə formalaşdırmaq istəyirik».

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bunu «Trend»ə bildirib.

Zaur Əliyevin deməsinə görə, daha çox maliyyə vəsaiti tələb edən, lakin dövlət proqramında təminat verilməyən xəstəlikləri bu paketə daxil etməyi planlaşdırırlar: «Məsələn, statistikaya görə, ölkəmizdə qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxdur. Eyni zamanda, onların əməliyyatları çox məsrəflidir. İlkin müşahidələrimizə əsasən, katarakta, insult ölkəmizdə geniş yayılmış xəstəliklərdir. Sadaladığım xəstəliklərin heç biri ilə bağlı dövlət proqramı yoxdur. Ona görə də, bu xəstəliklərin müayinəsini, müalicəsini ilkin səhiyyə paketinə daxil etməyi düşünürük».

Z.Əliyev qeyd edib ki, əsas məqsəd əhaliyə vahid paket təqdim etməkdir: «Agentliyin imkanları genişləndikcə, paket də genişlənəcək və hamının həmin təminatdan bərabər istifadə edə bilmək hüququ olacaq».

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» qanun 17 il öncə hazırlansa da, hələ də, tətbiq edilmir. İcbari Tibbi Sığorta üzrə Agentlik 2016-cı ilin fevralından fəaliyyətə başlayıb.