-
Qarabağ münaqişəsi, vətəndaşların əmlak girovları, kimsəsizlərə qayğı və turizm sahəsində qiymətlər bu gün medianın aparıcı mövzusudur.
VƏTƏNDAŞ HƏMRƏYLİYİNİN BANİSİ
«Azərbaycan» qəzeti keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində silsilə yazılar dərc etməyə başlayıb. Onlardan bir də «Mənəvi birliyin və vətəndaş həmrəyliyinin banisi» adlanır. Həmin məqalədə H.Əliyevin milli dövlətçilik prinsiplərinin və multikulturalizm ənənələrinin formalaşmasında rolundan bəhs edilir. Məqalədə oxuyuruq: «Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir… Vaxtilə cəmiyyətə «xalqlar dostluğu», «beynəlmiləlçilik» adları ilə təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan müstəqil dövlətin təməl prinsiplərindən biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim edilirdi».
Müəllifin düşüncəsinə görə, Azərbaycanın bütün uğurlarının kökü məhz o dövrə söykənir: «Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını multikulturalizm və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür».
GİROVLUQDA OLAN ÖLKƏ
«Azadlıq» qəzeti ölkədə bir ildə 41 min daşınmaz əmlakın girov qoyulması və bundan doğan nəticələri təhlil edir. Bu təhlil Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin «Daşınmaz Əmlak» jurnalındakı statistik rəqəmlərə əsasən aparılıb.
Məqalədə girov qoyulan 41 min əmlakın yarısının Bakının payına düşdüyü qeyd edilir. Üstəlik, bildirilir ki, bu girovların 20 mini mənzillərdən ibarətdir: «Bu rəqəmlər bir daha ölkədəki vəziyyəti, vətəndaşın həyat şəraitini, hökumətin «qayğısı»nı ortaya çıxarır. Qeyd edək ki, 2015-ci il ən az kredit verilən il olub. Əgər belə bir dövrdə girov qoyulan əmlakın sayı 41 mindirsə, deməli, əvvəlki illərdə durum daha ağır olub».
Yazıda vətəndaşların bu duruma düşməsində ayrı-ayrı məmurlara bağlı bankların rolu da dəyərləndirilir: «Məmurlara məxsus banklar vətəndaşı tam müflisləşdirməyə xidmət edib. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün sahib olduqları evləri, torpaqları, dükanları girov qoyublar. Çünki bu ölkədə verilən maaşla heç bir problemi həll etmək mümkün deyil. Uşaq oxudan da, cehiz verən də, toy edən də, müalicə olunan da kreditə ehtiyac duyur».
Müəllifin düşüncəsinə görə, verilən kreditlərlə insanlar məqsədli şəkildə tələyə salınır. O qeyd edir ki, artıq 2.5 milyon vətəndaş belə tələyə düşüb.
Müəllif yazır ki, hakimiyyət yüz milyardlarla neft gəlirlərini mənimsəməklə insanlara problemlər yaradıb. İndi isə dollarla kredit götürənlərə yardım etmək istəmir: «Bir sözlə, bütövlükdə bu ölkə bir rejimin girovuna çevrilib. Nə qədər ki, xalq bu ədalətsizliyə etiraz etməyəcək, o qədər də bu girovluq davam edəcək».
KİMSƏSİZLƏRİN KİMSƏSİ
«Azərbaycanda insanlara yardım göstərmək məqsədi ilə Vahid Mərkəz yaradılmasının vaxtı çoxdan çatıb. Hər halda insanların müalicəsini, tibbi əməliyyatın xərcini yüngülləşdirmək üçün insanların üz tutmağa yeri olmalıdır. Hökumətlə xalq bu məsələni birlikdə daha asan həll edə bilər».
«Həyat Naminə» Xeyriyyə Cəmiyyətinin təmsilçisi Mina Məlikova bunu «Exo» qəzetinə bildirib.
M.Məlikovanın düşüncəsinə görə, insanların ən zəruri ehtiyaclarını ödəmək üçün belə bir mərkəzin yaradılmasına ehtiyac var. O deyir ki, bununla evsiz-eşiksiz insanların gecələmələrinə də kömək etmək olar.
M.Məlikova «Həyat naminə» Xeyriyyə Cəmiyyətinin sosial şəbəkələrdə xəstələr, ehtiyacı olanlar barədə daim informasiyalar yerləşdirdiyini qeyd edir. Xəstələrin müxtəlif ehtiyaclarından bəhs edir: «Qəlb ağrıdan xəbərlər çoxdur. Amma hamıya kömək edə bilmirsən, burada xalqla dövlətin birgə köməyi lazımdır».
QİYMƏTLƏR ŞİŞİR, GƏLİRLƏR GİZLƏDİLİR
«Yeni Müsavat» qəzeti isə yay fəslinin gəlməsi fonunda turizm bölgələrində otel qiymətlərini araşdırıb.
Məqalədə qeyd edilir ki, otellərdə bir gecəlik qiymətlər 155 manatdan başlayaraq 850 manata qədər yüksəlir: «Gördüyünüz kimi, qiymətlər heç də əlçatan deyil».
Müəllifin düşüncəsinə görə, otellər təkcə qiymətləri şişirtmir. Həm də gəlirləri kütləvi şəkildə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşmadan etmək mümkün deyil.
Məqalədə deyilir ki, qiymətlərin bahalığından turistlər də narazıdır: «Bu pulla Azərbaycanda istirahət edəcəyimizə İstanbulda, Antalyada, Bodrumda dincələrik».
Müəllif menecerlərin qiymətləri otellərin 4, 5 ulduzlu olması ilə izah etmələrini də yetəli saymır. Yazıda qeyd edilir ki, İstanbulda 10-15 dollara 4-ulduzlu otellər var.
Məqalədə qeyd edilir ki, belə bahalıq turizm sahəsində rəqabətin olmamasından irəli gəlir.