Ekoloji cərimələr 40 dəfə artıb.

Hüseynqulu Bağırov

-

«Çimərlik sularının keyfiyyətinə bələdiyyələr nəzarət etməlidir».

«Trend»in xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazir qeyd edib ki, suların keyfiyyətinə, sahilin təmizliyinə həmin ərazinin sahibi qayğı göstərməlidir.

«Ondan istifadə edən kimdir? Təbii ki, bələdiyyə. Qazandığı xeyri də təbii ki, öz bələdiyyəsinin inkişafına yönəltməlidir. Belə olan halda o çalışmalıdır ki, bu verdiyi xidmətin keyfiyyəti yüksək olsun. İnsanlar bundan razı qalsın. Heç olmasa, bir cəza tədbiri olmalıdır ki, mənfi tendensiyaların qarşısı alınsın. İkinci tərəfdən, bununla iş bitməməlidir. Bəzən buna cərimə də kömək etmir», -nazir bildirib.

H.Bağırov ətraf mühitin çirklənməsi ilə bağlı son 10 ildə tətbiq olunan cərimələrin həcminin 40 dəfə artdığını qeyd edib.

«Cərimələrin hesabına toplanan fonddan milli monitorinq xidmətinə avadanlıq da ala bilirik. Cərimələr insanları etdikləri hərəkətlərdən çəkindirir. Deməzdim ki, bu sahədə azalma var. Ancaq bu sahədə atılan addımların effektiv nəticəsi göz qabağındadır», - H.Bağırov deyib.

Son illər ölkədə bütün sahələrdə cərimələrin miqdari artırılıb. Təkcə, bu il cərimələrlə bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə bir sıra dəyişiklik edilib. Müxalifət bunu neftin ucuzlaşmasından sonra cərimələrin artırılması yolu ilə büdcənin doldurulması kimi dəyərləndirir.