"Avtovağzal" stansiyasına su sızır

-

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasına su sızdığı bildirilir. Sızmanın keçidlərdən birində qeydə alındığı deyilir.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev tezliklə problemin aradan qaldırılacağını deyib. O, Report-a açıqlamasında sızmanın səbəbinin bəlli olduğunu deyib.

“Bu nə boru partlaması, nə də kanalizasiya sularıdır. Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq "Azərsu"nun kollektorlarına vururuq. Bu, məhz həmin quyulardan birindən sızan sudur ” - metropoliten sözçüsü böyük axıntının olmadığını qeyd edib.

N.Paşayev deyib ki, tunelə sızma və yuxarıdan axma kimi qorxulu hal yoxdur:
“ Artıq əməkdaşlarımız oradadır və tezliklə problem aradan qaldırılacaq"

Metronun “Avtovağzal” stansiyasının açılışından heç bir ay ötməyib. Ölkə başçısı İlham Əliyevin iştirakı ilə aprelin 19-da stansiyanın təntənəli açılışı olmuşdu.

Avtovağzal” tikintisi ən uzun çəkən stansiya sayılır. Orda tikintiyə 2009-cu ilin sentyabrında başlanmışdı. Stansiyanın layihələndirilməsini “Bakımetrolayihə” İnstitutu yerinə yetirib.