“AB ilə dialoqun bərpası üzərində işlənilir”

Elmar Məmmədyarov

-

“Azərbaycan fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayır.

Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında belə deyib.

Çıxışın mətini nazirliyin saytında yayılıb.

Nazir deyib ki, yeni sənəd Avropa Birliyinin (AB) Şərq istiqamətində olan siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması addımı olacaq.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında AB ilə münasibətləri inkişaf etdirməkdə güclü siyasi iradə nümayiş etdirir.

O, Riqa Sammitində Azərbaycanın AB-yə Strateji Tərəfdaşlıq Sazişi layihəsini təqdim etdiyini xatırladıb.

“Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq” - deyən nazir vurğulayıb ki, hazırda, ikitərəfli əməkdaşlığın yenidən gücləndirilməsindən ötrü mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işlənilir.

E. Məmmədyarov həmçinin, Azərbaycanın AB ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə də hazır olduğunu ifadə edib.

Nazir çıxışında eləcə də, Avropa Birliyi ilə enerji məsələlərində əməkdaşlıq əlaqələrinə toxunub. Onun düşüncəsinə görə, əməkdaşlıqda nəqliyyat sahəsində istifadə olunmamış böyük potensial var.

Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə toxunan E. Məmmədyarov cəbhə xəttində baş vermiş son gərginliyin həyəcan təbili olduğunu deyib.

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı “status-kvo” zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, status kvo etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır” - E.Məmmədyarov bildirib.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

«Şərq Tərəfdaşlığı» Proqramını 2008-ci ilin mayında Avropa Birliyinin üzvləri- Polşa və İsveç irəli sürüb.

Proqramının əsası 2009-cu ildə Praqada qoyulub. O, Avropa Birliyi ilə altı tərəfdaş ölkənin münasibətlərinin gücləndirilməsinə xidmət edir.
2015-ci ildə Avropa Birliyi Azərbaycanın Assosiativ üzlvlüklə bağlı sənədi imzalamasını istədikdə, rəsmi Bakı bundan imtina edib.

Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlər çərçivəsində strateji əməkdaşlıq barəsində sənəd imzalanmasını təklif edib.

Rəsmilər son illər açıqca bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.