-
Ermənistanın müdafiə naziri Seyran Ohanian mayın 26-da deyib ki, ölkəsinin silahlı qüvvələri, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçı döyüşçülər Vyana razılaşmalarına əməl edir.
Mayın 16-da Vyanada görüşən Azərbaycan və Ermənistan prezidentləri bölgədə atəşkəs rejiminin gücləndirilməsi və sülh danışıqlarının başladılması səyləri üzrə razılığa gəliblər. İlham Əliyevlə Serzh Sarkisian həmçinin ATƏT monitorinq missiyasının genişləndirilməsinə razılaşıblar. Hazırda ATƏT-in bölgədə altı müşahidəçisi var.
Mayın 26-da Ermənistanın xarici işlər naziri Edward Nalbandian ATƏT sədrinin şəxsi təmsilçisi Andrzej Kasprzyk ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə mayın 31-də Brüsseldə ATƏT vasitəçiləri ilə görüşəcək. Nalbandian oxşar görüşü iyunun 2-də Parisdə keçirəcək.
Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. Aprelin əvvəlində cəbhə xəttində baş vermiş toqquşmalarda hər iki tərəf onlarla hərbçisini itirib.