-
Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlikləri istifadəyə yararlı deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında belə deyilir.
Digər çimərliklərin isə yararlı olduğunu qeyd edən nazirlik Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında aparılan monitorinq sonucu belə nəticəyə gəlindiyini bildirir.
Nazirlik qeyd edir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, “Amburan” çimərliyində, Novxanı və Corat bağlarının sahil boyu ərazilərində 17 modul tipli çirkab su təmizləyici qurğu quraşdırılıb. Həmin qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alındığı deyilir.
Çimərliyə yararlı olmadığı bildirilən ərazilərdə təmizləyici qurğular quraşdırılmayıb. Nazirlik belə qurğuların hansı şərtlərlə quraşdırıldığını açıqlamır.
Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərliklərində tullantı suları standartlara uyğun təmizlənmədən dənizə axıdılır. Bu səbəbdən sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.