Azərbaycan qiymətləndirmədən keçəcək

Qubad İbadoğlu

-

Osloda iyunun 1-dən başlayan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq idarə heyətinin 34-cu iclası davam edir.

Avrasiya regionunu beynəlxalq idarə heyətində təmsil edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlunun Oslodan verdiyi xəbərə görə, iclasın 1-ci günü mülkiyyət sahibliyinin açıqlanması, MSŞT-nin maliyyələşməsi məsələləri müzakirə olunub. Bununla yanaşı, Katibliyin və komitələrin hesabatları dinlənilib. Müzakirələr nəticəsində qərara alınıb ki, iyulun 1-dən 15 üzv ölkədə qiymətləndirmə başlasın. Onların arasında Azərbaycan da var. Qiymətləndirmə zamanı MSŞT standartlarının Azərbaycanda tətbiqi, o cümlədən vətəndaş cəmiyyətinin bu prosesdə iştirak məsələləri dəyərləndiriləcək.

Q.İbadoğlu bildirir ki, Azərbaycanla bağlı ötən il təsdiq olunmuş islahedici planın icrası üzrə öhdəliklərin yerinə yetirilmə səviyyəsi qiymətləndiriləcək. Status məsələsinə isə 25-26 oktyabrda Astanada keçiriləcək növbəti idarə heyəti toplantısında baxılması nəzərdə tutulur: «Bu isə o deməkdir ki, islahedici planın müddətinin başa çatmasına baxmayaraq, Azərbaycan 6 aydan çox əlavə vaxt qazanır. Bu müddət mövcud problemlərin həllinə daha geniş şans yaradır».

Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Koalisiyasında iştirakı dondurulub. Bu haqda qərar Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsinin mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən toplantısında qəbul edilib. Buna səbəb isə ölkədə qeyri - hökumət təşkilatlarına «həll olunmamış maneələr»in yaradılması göstərilib.