►3 kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyi bildirilir
“İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində sürüşmə baş verib. Sürüşmə sahəsinin uzunluğu 750-800, ərazinin eni 350-400, qırılma qaşının hündürlüyü isə 2-5 metr təşkil edir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev belə deyib.
O, APA-ya bildirib ki, ekspedisiya sürüşmə sahəsində araşdırma aparıb. Araşdırmalar zamanı müəyyən edilib ki, sürüşmə prosesi Sərsurə kəndinin giriş hissəsində, Sulut çayının sağ sahilində mailliyi 35-45 dərəcə olan dağətəyi ərazidə baş verib.
Sürüşməyə əsas səbəbi kimi bu ilin may ayının son ongünlüyündə intensiv yağışlar göstərilir.
Ələmdar Piriyevin deməsinə görə, sürüşmə nəticəsində avtomobil yolunun 350-400 metr hissəsi tamamilə sıradan çıxıb. Nəticədə İsmayıllı rayonunun Sulut, Kələzeyvə və Sərsurə kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti tam dayanıb.
Elektrik dirəkləri əyilib
Bundan başqa İsmayıllı rayonunun Sulut, Kələzeyvə, Sərsurə, eləcə də Ağsu rayonunun Kalva, Xatman, Nuran, Dilman, Hacman və Suraxanı kəndlərinə çəkilmiş, gərginliyi 10 min kilovat olan elektrik xəttinin dirəklərinin əyildiyi bildirilir.
Ələmdar Piriyev deyib ki, hazırda sürüşmə prosesi aktiv fazadadır. Hər hansı müdaxilə sürüşmə prosesinin daha da aktivləşməsinə səbəb ola bilər.