Ticarət Palatası düzəlişi alqışlayır

-

“İyunun 1-də Cinayət Məcəlləsinin 213-cü maddəsinə edilmiş vergidən yayınmaya görə müəyyən olunmuş hədlərin artırılması ilə bağlı düzəliş qüvvəyə minib. Dəyişikliyə əsasən, xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə, cinayət məsuliyyətinə cəlb edilmə həddi 2000 manatdan 20000 manatadək, külli miqdarda yayınmaya görə isə 50000 manatdan 100000 manatadək artırılıb”.

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) iyunun 2-də yaydığı bəyanatda qeyd edir ki, bu, Azərbaycan hökuməti ilə ciddi iqtisadi islahatlar təşəbbüslərinin dəstəklənməsi üzrə uğurlu dialoqun nəticəsidir.

Palata bu qərarı alqışlayır. Hesab edir ki, dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə, tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək.

“Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik”, deyə AmCham-ın məlumatında qeyd edilir.

“AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyası hesab olunur. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.

“AmCham” Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.