-
Nərimanov Rayon Məhkəməsi Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həbs müddətini daha 3 ay artırıb.
Bu haqda bankirin vəkillərindən Aqil Layıcov xəbər verib.
Vəkilin deməsinə görə, bankirin səhhətində problemlər qalmaqda davam edir.
O, C.Hacıyevin saxlanma şəraitindən də narazılıq edib. “Onun müalicəsi saxlanma yerində mümkün deyil”, - vəkil bildirib.
A.Layıcov həbs qətimkan tədbirinin uzadılmasından apellyasiya şikayəti verdiklərini də deyib.
C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bankirin vəkillərindən Əfqan Məmmədov bu ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.
Bu yaxınlarda “Beynəlxalq Bank ” işinə görə həbs olunanlardan 12-nin işi məhkəməyə verilmişdi. Həmin şəxslər bankdan götürdükləri kreditləri qaytarmamağa görə, saxlanmışdılar.
Həmin şəxslərdən 6-sı son günlərdə həbsdən buraxılıb. Bu gün daha bir neçə kredit məhbusunun azadlığa buraxıldığı qeyd edilib.
APA-nın xəbərinə görə, kredit götürərək qaytarmamaqda təqsirləndirilən “Bakı Fındıq Emalı Zavodu”MMC-nin rəhbəri Murad Cabbarlı (əvvəllər Şəki rayon icra başçısı işləyib) və daha bir neçə nəfər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Maliyə naziri Samir Şərifov deyib ki, Beynəlxalq Bankdan götürülən kreditlərdən 400 milyon manatı geri qaytarılıb. Ancaqhökumət Beynəlxalq Bankla bağlı problemli kreditlərin ümumi həcmini açıqlamır. Mətbuatda isə bir neçə milyard manatdan bəhs edilir.