-
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədovun səhhətində ciddi problemlər yarandığı bildirilir.
Trend-in xəbərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan M. Məmmədov təcridxananın tibb məntəqəsinə köçürülüb. Onun hazırda həkim nəzarətində saxlanıldığı deyilir.
M. Məmmədovu ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlamışdı. Onunla birlikdə nazirliyin daha bir neçə yüksək vəzifəli şəxsi - sabiq aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom"un baş mühasibi Oqtay Rüstəmov və digərləri həbs edilmişdi.
M. Məmmədov Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay həbs edilmişdi. Sonradan həbs müddəti artırılmışdı.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Ötən ilin oktyabrında Milli Təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan sonra ölkədə bir sıra vəzifəli şəxslərin həbslər baş vermişdi. Xüsusilə də həm milli təhlükəsizlik, həm də rabitə və informasiya texnologiyaları nazirliklərinin bəzi rəhbər şəxslərinin azadlıqları əlindən alınmışdı. O vaxt ölkə mətbuatı yazırdı ki, Eldar Mahmudov ölkənin rabitə sistemindən qanunsuz olaraq hakimiyyət rəsmilərinin telefon danışıqlarının gizlin dinlənməsində istifadə edib.