Prezidentin dedikləri və rəsmi statistikanın fərqli üzü

Kəmər inşası

-

Ölkədə iri enerji layihələri, bu layihələrlə bağlı götürülən kreditlər, qeyri-neft sektoruna dair göstəricilər və saxta valyuta problemi bu gün medianın əsas mövzusudur.

CƏNUBİ QAFQAZIN LİDER DÖVLƏTİ

«Azərbaycan» qəzetində «Azərbaycan Avropanın iqtisadi, enerji və logistik mərkəzlərindəndir» sərlövhəli məqalə dərc edilib. Yazıda Azərbaycanın dünyadakı rolundan bəhs edilir: «Ölkəmiz Avropanın enerji xəritəsinə etdiyi korrektələr və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında yaxından iştirakı ilə qlobal aktuallıq kəsb edən məsələlərdə söz sahibi olduğunu təsdiq edib».

Müəllif nikbin notlarla bir sıra məsələlərə toxunur, iqtisadi böhrana baxmayaraq, ölkənin yaxın keçmişindəki uğurlarını sadalamaqdan qalmır: «İqtisadi sahəyə gəldikdə isə, qeyd edildiyi kimi, böhranın təsirləri Azərbaycanda hiss olunsa da, ölkəmiz ümumən son 12 ildə sosial-iqtisadi sahədə mühüm uğurlara imza atıb».

Müəllif daha sonra dünya enerji təhlükəsizliyi məsələsində Azərbaycanın yerini belə dəyərləndirir: «Bütün siyasi və iqtisadi məzmunlu konfransların gündəliyində yer tutan başlıca məsələlərdən biri enerji təhlükəsizliyidir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycana bu baxımdan əksər dövlətlər həsəd apara bilər. Ölkəmiz bu sahədə həyata keçirdiyi uğurlu və nümunəvi siyasəti ilə enerji təhlükəsizliyinin təmininə töhfə verir».

Böhran. Karikatura

İSLAHATIN İMİTASİYASI

«Azadlıq» qəzeti isə prezident İlham Əliyevin bu günlərdə Almaniyada səfərdə olarkən ölkənin durumuna dair səsləndirdiyi fikirləri şərh edib.

Məqalədə yada salınır ki, dövlət başçısı çıxışında Azərbaycanda işsizlik və yoxsulluq göstəricilərinin 5 faizə yaxın olduğunu bildirib. Müəllif isə 2015-ci il ilə müqayisədə bu il həyat şəraitinin 38 faiz pisləşdiyini yazır: «Ötən bir il ərzində yüzlərlə obyekt, şirkət, müəssisə qapadılıb. Dövlət qurumları ləğv edilib, milli valyuta 2 dəfə ucuzlaşıb, qiymətlər 30-40 faiz bahalaşıb, problemli kreditlər 1 milyardı ötüb».

Yazıda qeyd edilir ki, əhalinin pul gəlirləri 34 faiz azalıb.

Müəllif prezidentin Azərbaycanda neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı dedikləri fikirləri də sərt tənqid edib. Yazıda qeyd edilir ki, keçən il ilə müqayisədə bu il qeyri-neft sektoruna sərmayə qoyuluşu 73 faiz azalıb. Ümumi Daxili Məhsulun bu ilin 4 ayındakı həcmi keçən il ilə müqayisədə 39 faiz kiçilib: «Göründüyü kimi, bütün sahələrdə geriləmə var və neft sektorundan asılılıq əvvəlki qaydada davam edir. Deməli, hökumətin dediyi kimi, qeyri-neft sektorunun inkişafı prioritet olmayıb. Hakimiyyətin fəaliyyətində yalnız imitasiyalar, praktiki əhəmiyyəti olmayan sərəncamlar, fərmanlar prioritet olub».

Müəllif yazır ki, iş yerləri bağlansa da, əhalinin gəliri azalsa da, hakimiyyət rəsmiləri köhnə rəqəmləri sadalamaqdan çəkinmir: «Hətta biabırçı statistik rəqəmlər də «uğur centlmenləri»ni yavaşlada bilmir».

Rövşən Ağayev

BORC BİR NEÇƏ QAT ARTA BİLƏR

«Bizim Yol» qəzeti enerji layihələri ilə bağlı Azərbaycanın yenidən borclanması ilə bağlı müzakirələri davam etdirir. İqtisadçı Rövşən Ağayev qaz bazarında baş verən proseslərə dair düşüncələrini qəzetin oxucuları ilə bölüşüb. R.Ağayev bildirir ki, yaxın 3-4 ildə Azərbaycan TANAP layihəsinə 10 milyard dollar sərmayə qoymalıdır. Bunun ən azı 7-8 milyard dollarının xarici borc hesabına həyata keçiriləcəyi gözlənilir. R.Ağayev qeyd edir ki, təkcə bu, təqribən Azərbaycanın indiki bütün borclarına bərabərdir.

İqtisadçı bildirir ki, qiymətlərin pik dövründə Azərbaycan hökuməti mənfəət neftindən il ərazində 16 milyard dollar qazanıb. Hazırkı qiymətlər sabit qaldığı halda, mənfəət neftindən təqribən 7 milyard dollar qazanc gözlənilir. Hasilat azaldılarsa, bu rəqəm bir xeyli kiçilə bilər.

İqtisadçının deməsinə görə, dünya qaz bazarında çox sərt rəqabət dövrü başlayır. O, bu şəraitdə Azərbaycanın böyük gəlirlər əldə edəcəyinə bir elə də inanmır.

Dollar

İRANDAN GƏLİRƏM YÜKÜM DOLLARDIR

«Exo» qəzeti isə ölkədə saxta valyuta problemini araşdırır.
Məqalədə bildirilir ki, son vaxtlar postsovet məkanının bir neçə ölkəsində irihəcmli saxta valyuta aşkar olunub. Müəllif həmin «işbazların» Azərbaycanda da üzə çıxmasını istisna etmir.

Ekspertlərdən Nəriman Ağayev qəzetə problemi belə şərh edib: «Bazarda saxta dollarlar var, amma hansı həcmdə olduğu məlum deyil, Azərbaycana saxta dollarlar əsasən İran və Nigeriyadan gətirilir».

İqtisadçı Oqtay Haqverdiyev də deyib ki, Azərbaycan bu problemdən sığortalanmayıb: «Özbəkistanda necə yaydılarsa, eləcə də Azərbaycanda yaya bilərlər».

İqtisadçı deyir ki, ağır sosial şəraitdə bazara saxta pulların daxil olması qaçılmazdır.

Məqalədə ilin əvvəlindən bu yana Azərbaycanda bir neçə belə dəstinin ifşa olunduğu qeyd edilir.

Ekspertlər düşünür ki, saxta pulların bazara girməsinin qarşısını almaqdan ötrü xarici valyuta alqı-satqısında məhdudiyyətlər götürülməlidir.