Fransada keçirilən Avropa çempionatı artıq futbola tətbiq edilmiş yeni qaydalarla keçiriləcək.
UEFA-nın məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının bununla bağlı qəbul etdiyi qərar 2016-cı il iyunun 1-dən qüvvəyə minib.
Qərara əsasən, oyuna mərkəzdən başlayanda topu əvvəlki kimi ancaq qabağa yox, meydanın istənilən yerinə ötürmək olar.
Həmçinin zədələnən futbolçuya meydanın içində təcili tibbi yardım göstəriləcək.
Bu qərar ona görə tətbiq olunub ki, futbolçu zədəyə görə meydanı qısa müddətə tərk edəndə qaydanı pozan komanda çoxluqda oynayır.
Bundan başqa, cərimə meydançasında qayda pozuntusuna görə əvvəlki kimi birbaşa qırmızı vərəqə verilməyəcək.
Yeni qərara görə əgər oyuncu cərimə meydançasında qaydanı bilərəkdən pozmayıbsa , sarı alacaq.
Yox əgər qaydanı qəsdən pozubsa, oyunçu əvvəlki kimi qırmızı vərəqə alacaq.
Həmçinin Avropa çempionatları tarixində ilk dəfə olaraq topun qapı xəttini keçib-keçmədiyini xüsusi kompüter sistemi ilə yardımçı hakimlər müəyyən edəcək.