Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın axtarışa verildiyi bildirilir.
Trend-in xəbərinə görə, bunu Z. Hacıyevanın dövlət tərəfindən təyin edilmiş vəkili Səxavət Şahbazov bildirib. Vəkilin sözlərinə görə, iyunun 1-də Nərimanov Rayon Məhkəməsi Z. Hacıyevanın barəsində həbs qərarı verib. Onun tutularaq istintaqa təhvil verilməsindən ötrü axtarışa verildiyi qeyd edilir.
Z.Hacıyevanın mənimsəmə faktı üzrə təqsirləndirildiyi bildirilir.
Bir neçə gün əvvəl yerli saytlar Zamirə Hacıyevanın həbs edildiyi haqda məlumatlar yaymışdı. Ancaq prokurorluq bu məlumatları yalanlamışdı. Cahangir Hacıyevin vəkili Aqil Layıcov isə Zamirə Hacıyevanın hazırda xaricdə olduğunu bildirmişdi.
“Bastainfo.com” saytı isə bununla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarı kimi təqdim edilən bir protokolun sürətini yaymışdı
Həmin protokolda da yazıldığına görə, Nərimanov Rayon Məhkəməsi iyunun 1-də Zamirə Hacıyevanın həbsi ilə bağlı qərar verib. Orada həbsin müddəti 4 ay göstərilirdi.
Z.Hacıyevanın korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan pul çıxarmaqda ittiham olunduğu bildirilirdi.
Sonradan Cahangir Hacıyevin vəkili Aqil Layıcov APA-ya açıqlamasında deyib ki, məhkəmənin qərarı formal xarakter daşıyır:
"Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir. Qərarda onun vəkili kimi adı qeyd olunan şəxs də heç vaxt Zamirə Hacıyevanın vəkili olmayıb. Onunla heç bir əlaqəsi yoxdur".
Zamirə Hacıyevanı adı 2005-ci ildə Hacı Məmmədovun işində də hallanıb. Həmin ilin əvvəlində Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, Hacı Məmmədovun dəstəsinin onu qaçırdığı bildirilirdi. 2005-ci ilin martın 10-da Milli Təhlükəsizlik Nazirliyi “Qara kəmər” əməliyyatı keçirərək Zamirə Hacıyevanı azad etmişdi. Sonradan Hacı Məmmədov ömürlük həbs cəzası aldı.