-
Bu il rusiyalı atletlər üzərində dopinq yoxlamaları əngəllənib. Bunu Ümumdünya Antidopinq Agentliyi (WADA) yeni hesabatında deyir.
İyunun 15-də yayılmış hesabatda bildirilir ki, fevral-may aralığında 736-dan artıq test ya rədd olunub, ya da müxtəlif səbəblərdən ertələnib. Səbəblərə nümunələrin toplanması və atletlərin harda olması barədə məlumatsızlıq daxildir.
Sənəddə bildirilir ki, bəzi atletlər müayinədən yayınıb, yaxud dopinq rəsmilərini aldadıb. Dopinqə nəzarət edən əməkdaşların Rusiya təhlükəsizlik xidməti tərəfindən qorxudulduğu, hədələndiyi də iddia olunur.
İki gün sonra yüngül atletika üzrə aparıcı qurum rusiyalı atletlərin Rio Olimpiadasına buraxılıb-buraxılmaması barədə qərar verəcək.
WADA noyabrda rusiyalı atletlərin dopinqdən istifadəsi barədə hesabat yayandan sonra onlara qadağa qoyulub.