Camal Süreya: Borc ödəyirəmmiş kimi yazdım şeirlərimi...

Türk modernsit şairi Camal Süreya

-

"Şeir mənim üçün nədir? Ağrılarım, çətinliklərim, xilasım, məhvim, sevgilim, atam, özümə nəzarətim və özümü boşlamağı bacarmağım... Və ən vacibi taleyim kimi qəbul edirəm onu."

"Oxu Zalı" modernist türk şairi Camal Süreyanın şeir haqda düşüncələrini bölüşdüyü məqaləsini yayımlayır.

Camal Sürəya: “Nədir şeir? Niyə və necə yazdım?

Nə? Niyə? Necə?

Camal Sürəya üçün şeir nə idi? Niyə yazdı? Necə yazdı? Cavabı həmişə müəmmalı qalacaq suallar.

...

Hər bir şair, yazar üçün bu belədir. Bəziləri üçün isə daha çox belədir. Hazır cavabları yoxdur. Gəncliyində? Bəlkə də. Amma yazdıqca, yaşadıqca yazdıqca, hələ də əlli yaşından sonra, lap diblərdən qopub gəlir cavabları. Yeraltı sulardan, yaradıcı gücün maqmasından... Bütövlükdə həyatından, şeirindən...

Şeir mənim üçün nədir? Ağrılarım, çətinliklərim, xilasım, məhvim, sevgilim, atam, özümə nəzarətim və özümü boşlamağı bacarmağım... Və ən vacibi taleyim kimi qəbul edirəm onu. (Söz yerinə düşmədi amma bunu dediyim kimi də yaz) Niyə taleyim? Yaxşı təhsil almışam. Bunun təsadüfi olmadığına inanıram. Şeirə dadanmağım da beləcə təsadüfi deyil. Tək dayağım budur. Təkcə bu, bu ikisi, məndə bir güc (üstünlük desək daha yaxşı olar) olduğu təsəvvürünü yaradır. Bəzən də o biri şairlərə baxıram (həmişə baxıram), elə bil mənə uyğun hansısa bir rol var. Bəzi şeyləri təkcə mən izah edə biləcəyəmmiş kimi bir təəssürat...
Borc ödəyirəmmiş kimimi yazdım şeirlərimi? Bir az hə.

Bunu da demək istəyirəm: şeir mənim həm sənətim, həm də həyatımın özəyidir. Özümü onunla sığortalamışam.

Çox səmimi, həqiqi bir şey deyim mi? Şeirlərimə qarşı o qədər də həssas yanaşmıram. Yazdıqlarımın üstündə heç vaxt ətraflı fikirləşməmişdim. Əslində şeirləri yazanda da eləydim. Hər dəfəsində neynədiyimi bilmədən yazırdım. Yazmaq da demək olmaz. İnsanın özünü bir yerdən başqa bir yerə vurmağı kimi...

Özü də şeirdən həmişə qorxmuşam. Şairəmmi deyə özümdən də şübhələnmişəm. Mənə bacarıqsız olduğum, bunun üçün də heç cür sevə bilmədiyim bir işi görürəmmiş kimi gəlir. İlk şeirimi çap edəndə də beləydi. Bu gün də elədir. Elə hey, çətinliklə yazdım: sanki məcbur idim. Əlimdəki ilk qaralamanın yaxud da sətrin verdiyi stimuldan heç vaxt uzaqlaşa bilmədim. Bu stimul təkcə sənətimdə deyil, həm həyatımda özünü büruzə verir.

Mətnin qaralandığı, şeirin artıq üzə çıxan anı və onu izləyən qısa müddət boyunca elə böyük sevinc hiss edirəm ki, deyəsən, bu günə qədər təkcə o sevinci hiss etmək üçün yazmışam.

Niyə yazdığımı asanca izah edə bilmərəm. Çünki özüm də tam başa düşməmişəm. Məsələn bir fikir adamı düşüncələrini yazaraq meydana çıxardır. Yazı onun üçün düşüncənin birbaşa qəlibi, üstünə biçilmiş paltarıdır.

Rus şairi Boris Pasternak

Amma əsil mənada yazmaq başqa bir hadisədir. Pasternaka deyiblər: “Bizi həqiqətə apar!” Belə cavab verib: “Mənim işim küləyin ağac yarpaqlarında çıxartdığı xışıltıdan artıq bir şey deyil!” Yazmaq da elə bir şey deyilmi?

Yazmaq mənə həmişə çətin olub. Hələ ibtidai sinifdə, orta məktəbdə ləqəbim “Ustad” idi. Müəyyən imkanlarım var idi, amma bu gün (əvvəl də dediyim kimi) əlli yaşı çoxdan keçmiş biri olaraq nəyə istedadım olduğunu tapmamışam.

Sanki yazacaqsan deyə dürtmələdilər. Elə bil dedilər. Sanki dedilər. Elə bil də dedilər, sanki də dedilər.

Bununla yanaşı deyəsən, özüm necəyəmsə, yazım da elə olub. Bəzən, xüsusilə də nəsrdə, fikirlərimi zahirə çıxartmaq, ətrafımdakıları qiymətləndirmək, söz sahibi olmaq xasiyyətim özünü göstərir. Bəzən də düşüncələrini yazdıqları ilə birlikdə əba kimi əyninə geyinmiş bir adam.

Məncə elə ikinciyəm.