-
"Müstəqilliyin əleyhinə səs verib müstəqil Azərbaycanın İstiqlal Ordenini alan, sovet dövründə sanatoriyalarda, kurotlarda, yaradıcılıq evlərində kef çəkib, sovetin müxtəlif mükafatlarını alıb sovet dağılanda özünü dissident adlandıran adamların arasında yaşayırıq".
Seymur Baycan
Sabir günləri
Bəndənizi zaman-zaman qıcıqlandıran, bəzən bərk əsəbləşdirən bir qəliz məsələ haqqında yazmaq istəyirəm. Bu qəliz məsələnin bir yazıyla həll olunacağına inanacaq qədər sadəlövh deyiləm. Yazıb ürəyimizi boşaldırıq. Digər tərəfdən bəlkə yazını əlli-altmış adam oxuyar, bu əlli-atmış adamdan da on-on beşi nə demək istədiyimizi başa düşər. Günü bu gün bunun özü də az iş deyil. Bu kiçik müqəddimədən sonra keçək yazının məğzinə.
Yaxınlarda “Sabir günləri” keçirildi. Yenə də Sabirin qəhrəmanları Sabirin həyatı, yaradıcılığı haqqında danışdılar.Tədbirdə iştirak edən adamların çıxışlarını oxuyanda çoxdan beynimdə fırlanan bu yazını yazmaq qərarına gəldim.
Bax belələri həm də Sabirdən, Mirzə Cəlildən danışanda, Sabirdən, Mirzə Cəlildən kitab yazanda adam əsəbləşir. Öz şərəfini, ləyaqətini bazara çıxartmısan özün bilərsən. Can sənin cəhənnəm tanrının. Amma imkan ver camaat qəbirdə rahat yatsın. Bu sənin onlara göstərə biləcəyin ən böyük hörmət olar...
İndi isə keçək işin başqa tərəfinə. Əlbəttə artıq tarixdə öz yerini tutmuş adamla fəxr etmək, ona sahib çıxmaq asandır. Bir çox insanlar öz dövrlərində başa düşülməyiblər. Başa düşülmədiklərinə görə də çətinliklərlə, məhrumiyyətlərlə üzləşiblər, təhqirlərə, təhdidlərə məruz qalıblar. Elə bu yaxınlarda bir polyak tanışımla bu mövzuda söhbət edərkən o da eyni sözü işlətdi: "Bir çox adamları zamanında başa düşməyiblər"
Zamanında... Necə də yaxşı sözdü. Zamanında... Bəs indi? İndi ki, onların prinsipləri, istiqamətləri aydındır. Bəs Mirzə Cəlillə fəxr edib, ondan məqalə, kitab yazıb, sitat gətirib, kişi yaman yazıb deyib özünü Xudayar bəy kimi aparmaq, ölkəni Danabaş kəndinə çevirmək, yetim-yesirin eşşəyini də tutub əlindən almaq, yaxud Xudayar bəylərə mirzəlik eləmək, Xudayar bəylərə yaltaqlanmaq, Xudayar bəylərə məddahlıq eləmək, Xudayar bəylərin zülmünə zəruriyyet donu geyindirmek, Xudayar bəylərin zülmünü zəruriyyet kimi qələmə vermək nə deməkdir? Mirzə Cəlillə fəxr edib, Mirzə Cəlildən sitat gətirib Şeyx Nəsrullahlıq eləmək, yaxud Şeyx Nəsrullahlara Şeyx Əhmədlik eləmək nə deməkdir?
Bəs nə etməli? Çox qəliz vəziyyətdir. Necə deyəsən sən Sabirdən danışma, sən Mirzə Cəlildən sitat gətirmə. Kimin onlardan danışmağa haqqı var, kimin onlardan danışmağa haqqı yoxdu? Bunu necə müəyyən etmək olar? Bu bir vicdan məsələsidir. Qoy hər kəs zəhmət çəkib öz tutduğu mövqeyə, yazdıqlarına, əməllərinə baxsın və özü-özünə vicdanla hökm çıxarsın. Hərçənd bunun özü də o qədər keçərli üsul deyil. Sırtıqlığı və həyasızlığı sərhəd tanımayan adamların lüğətində vicdan sözü yoxdu. Müstəqilliyin əleyhinə səs verib müstəqil Azərbaycanın İstiqlal Ordenini alan, sovet dövründə sanatoriyalarda, kurotlarda, yaradıcılıq evlərində kef çəkib, sovetin müxtəlif mükafatlarını alıb sovet dağılanda özünü dissident adlandıran adamların arasında yaşayırıq.