“ABŞ əməkdaşlığın inkişafında maraqlıdı”

Bridget Brink

-

Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə belə deyib. Bu haqda nazirliyin saytı xəbər verir.

Xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

E. Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

B. Brink ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini, iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib.

“ABŞ iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəkləyir”, B.Brink deyib.

Bridget Brink-i günün birinci hissəsi prezident İlham Əliyev qəbul etmişdi.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink iyunun 22-də Azərbaycana gəlib. Onun səfəri iyunun 24-də başa çatmalıdır.