ABŞ Dövlət katibinin köməkçisi Victoria Luland Moskvada Rusiya rəsmləri ilə Ukrayna münaqişəsi ilə bağlı Minsk sazişinin yerinə yetirilməsi yollarını müzakirə edib.
Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin köməkçisi Vladislav Surkov rəhbərlik edib.
Kremlin məlumatına görə, müzakirələr çox detallı, əməli və hərtərəfli olub.
Söhbət atəşin tam dayandırılması, ağır silahların təmas xəttindən uzaqlaşdırılması, ATƏT müşahidəçilərinin Ukraynanın şərqinə maneəsiz çıxışı və digər problemlərdən gedir.
2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Qərb Rusiyanı separatçıların tərəfini saxlamaqda günahlandırır.
Moskva ittihamı rədd edir.
ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Həmçinin Rusiya buna cavab olaraq bir sıra Avropa Birliyi ölkələrindən meyvə-tərəvəz və ərzaq idxalına embarqo qoyub.