-
AÇ-2016-nın 1/8 final oyununda Slovakiyanın qapısına yol tapan Almaniya yığmasının hücumçusu Mario Gomez qitə birinciliyində bütün komandaların müdafiəyə daha çox diqqət ayırdığını düşünür.
1/4 finalda İtaliya – İspaniya cütünün qalibi ilə qarşılaşacaq almanların hücumçusu UEFA-nın rəsmi saytına açıqlama verib:
«Bu çempionatda asan oyun yoxdur. Ona görə ki, hər rəqib müdafiəyə böyük diqqət ayırır. Bu çox «dərin» müdafiə olunan rəqiblərlə ardıcıl ikinci oyunumuzdur. Bununla belə, hər dəfə qol vəziyyətləri yaratmağa imkan tapırıq. Son iki oyunda yığmamız qibtəolunası universallıq göstərir. Bu məqam sevindiricidir. Elə bu ruhda da davam etmək, çoxlu qol vurmaq lazımdır. Komanda və baş məşqçi mənə inandığına görə sevinirəm. Gücümü tam meydanda qoyuram. Hələ ki top buraxmamışıq. Bu komandanın bir hissəsi olmaq çox xoşdur».