-
«Uşaq intiharlarının qarşısını almaqdan ötrü məktəblərdə aparılan işləri gücləndirmək lazımdır. Çünki uşaqlar evdən kənarda vaxtlarının çoxunu məktəbdə keçirirlər. Məktəb də uşağın davranışına daha çox fikir verməli və bu məsələdə aparıcı rol oynamalıdır».
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsindən Pərviz Əliyev belə deyib.
Komitə rəsmisi «Trend»ə bildirib ki, məktəb psixoloqları uşaqlarda intihara gətirib çıxara bilən halları əvvəlcədən aşkarlaya bilərlər: «Hər bir məktəbdə bir psixoloq ştatı var. O psixoloq bu istiqamətdə uşaqlarla iş aparmalıdır ki, belə halları qabaqcadan aşkarlaya bilsin. Buna görə də, bu məsələ ilə əlaqədar bizim ilk gördüyümüz tədbir məktəb psixoloqları ilə bağlı layihələrin həyata keçirilməsi olub. Düşündük ki, psixoloq məktəbdə müşahidə etməklə müəyyən edə bilər ki, uşağın ailəsində problemlər varmı, intihara gedə bilərmi? Bununla bağlı məktəb psixoloqları üçün təlimlər də keçirmişik».
Prokurorluq orqanlarının bilgilərinə istinad edən P.Əliyev qeyd edib ki, uşaq intiharları daha çox ailədaxili münaqişələr, zorakılıq və övladlara etinasız münasibət nəticəsində baş verir. «Uşaqlara daha çox təsir edən ailədəki etinasızlıq hallarıdır. Uşaq hansısa bir münaqişədən depressiyaya düşərək özünü asıb. Əslində bu, qeyri-adi gələ bilər. Amma uşağın həyatında baş verə bilən istənilən hal onun psixologiyasına dərhal təsir edə bilir və o, sarsıntı keçirərək bu addıma gedir».
P.Əliyev həmçinin, uşaq intiharlarının qarşısının alınmasından ötrü geniş tədqiqatın aparılmasına ehtiyac olduğunu deyib.
Son zamanlar intihar xəbərləri artmaqdadır. İntihar etdiyi deyilən şəxslər arasında uşaqlar da var.
Bir gün əvvəl Neftçalada 12 yaşlı uşağın intihar etdiyi bildirilirdi.
Ekspertlər vaxtaşırı intiharlarla bağlı tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar. Onların deməsinə görə, intiharlara qarşı gərəkli addımlar atılmır. Bu sahə ilə məşğul olan bir mərkəz və ya qurum yoxdur. Ekspertlər deyirlər ki, ötən il İsmayıllıda 12 yaşlı uşaq ailəsinin məktəbli forması ala bilmədiyinə görə intihar edəndə, cəmiyyət buna lazımı diqqəti ayıra bilmədi.