-
İndi İŞİD qruplaşmasıyla savaş qaçılmaz olacaq; Moskvanın Türkiyəylə münasibətlərdə buzun əriməsində öz maraqları var – 29 iyun Qərb mediasının icmalı.
İstanbul aeroportunda azı 36 nəfərin ölümüylə nəticələnmiş hücum dünya mediasının diqqət mərkəzindədir. «The New York Times» qəzeti yazır ki, bu, Brüssel aeroportunda aylar öncə törədilmiş hücumları yada saldı, təhlükəsizlik əməkdaşlarının terror hücumları itkilərini minimuma endirməkdən ötrü üzləşdikləri çətin paradoksal durumu ortaya çıxardı. Brüsseldə hücumçular terminalın içinə girə bilmiş, partlayıcıları işə salmışdılar. İstanbulda isə birinci təhlükəsizlik yoxlaması terminalın girişində yerləşir. Adamlar orada növbəyə durur və bu hadisə də göstərdi ki, hücumçular buranı da asanlıqla hədəfə ala bilər.
Cənubi Afrikaya gedən Judith Favish deyir ki, partlayış anında uçuşa qeydiyyatdan keçirmiş. «Masanın altına keçdim, gizləndim, sonra kimsə qışqırdı ki, qaçaq, mən də qaçıb kafeteriyaya girdim. Orada bir saat gözlədik, sonra dedilər çıxaq. Amma başqa məlumat verən olmadı. Paltarımız, telefonumuz, pulumuz, heç nəyimiz yoxdur. Ailəmə də zəng etməmişəm, heç kəs heç nə demir», - o, terminalın qarşısında müxbirə danışıb.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, indilik nəzərlər «İslam Dövləti» (İŞİD) qruplaşmasına yönəlib. Qruplaşmanın onlayn təbliğatını izləyən təhlilçi Michael S.Smith II deyir ki, ABŞ Türkiyənin İncirlik hava bazasına çıxış əldə edəndən sonra İŞİD-in Türkiyəylə bağlı bəyanatları çoxalıb.
«Türkiyədə törədilən hücumların çoxuna görə rəsmilər İŞİD-in məsuliyyət daşıdığını deyir. Ancaq son bir ildə qruplaşma təbliğatında Erdoğan hökumətinin siyasətinə çox diqqət ayırıb və onun Türkiyə ərazisində terror əməliyyatlarını genişləndirəcəyi gözləntiləri də yüksəlib».
Qəzet yazır ki, İstanbul hücumunun Türkiyəylə İsrailin diplomatik münasibətləri bərpasına cavab olduğunu düşünənlər də var. Tanınmış köşə yazarı Mustafa Akyol iyunun 28-də axşam Twitter-də yazıb ki, «bu hücumun Türkiyə-İsrail sazişindən dərhal sonra baş verməsi təsadüf ola bilməz».
Amma digər təhlilçilər vurğulayırlar ki, bir neçə canlı bombanın iştirak etdiyi hücumlara hazırlıq, adətən, çox çəkir.
«Təəssüf ki, fəlakətli Suriya siyasətinin əks-təsirlərini görməkdəyik, terrorçuluq düz İstanbulun və Ankaranın ürəyinəcən gəlib çıxıb. Aydındır ki, məqsəd xaos yaratmaq, iqtisadiyyata və turizmə ziyan vurmaqdır», - bunu isə keçmiş millət vəkili Suat Kınıklıoğlu deyir.
«İŞİD həqiqətən də bu hücumun arxasındadırsa, bu, həmin silahlı qruplaşmanın Türkiyəyə qarşı mövqeyini sərtləşdirdiyini göstərir», - bunu isə Vaşinqton İnstitutunun Türkiyə Tədqiqat Proqramının direktoru Söner Çağaptay «The Washington Post» qəzetinə deyib. Təhlilçinin fikrincə, bu hücum Türkiyəni cihadçı qruplaşmaya daha artıq savaşa çəkəcək.
«Bu, Türkiyənin ürəyinə simvolik hücumdur», - deyən təhlilçi diqqəti ona çəkir ki, Atatürk aeroportu ölkənin rəsmi hava şirkəti olan «Türk Hava Yolları»nın əsas qovşağıdır. «İndi İŞİD-lə savaş qaçılmaz olacaq», - Çağaptay söyləyib.
ÜZRXAHLIĞIN GÜCÜ
«Stratfor» Araşdırmalar Mərkəzi Türkiyənin İsrail və Rusiyayla münasibətləri normallaşdırması səylərindən yazır. Düz 3 il öncə Türkiyə İsrail hərbçilərinin dənizdə Türkiyə gəmisinə hücuma görə üzr istəməsinə nail oldu, indi isə diplomatik münasibətlərin bərpasına başlanır. Digər tərəfdən, prezident Recep Tayyip Erdoğan rusiyalı həmkarı Vladimir Putin-ə məktub göndərərək ötən noyabrda vurduğu rus təyyarəsinə görə üzrxahlıq edir.
«Moskvanın Türkiyəylə münasibətlərdə buzun əriməsində öz maraqları var. Suriyadakı üsyançı fraksiyalara dəstəyin kəsilməsini istəyir, bu, bir səbəbdir. Ən vacibi, Moskva Türkiyənin NATO ilə əməkdaşlığını məhdudlaşdırmasını, alyansın Rusiyayla sərhəddə güclənməsinin əngəllənməsini arzulayır. Türkiyə coğrafi baxımdan yaxşı mövqedədir və donanması NATO-nun Qara dənizdə qüvvə yaratmaq planında rol oynaya bilər».
Ancaq təhlildə vurğulanır ki, böyük qüvvələr Rusiya-Türkiyə yaxınlaşmasını əngəlləyəcək. Ankara NATO-ya zərbə vuracaq addım atmayacaq, çünki ona təhlükəsizliyinin ən güclü təminatçısı kimi baxır. Beləliklə də, Türkiyə Qərbin Balkanlardan tutmuş Qara dəniz və Qafqazadək böyük bir ərazidə Rusiyaya balans yaratma səylərində əsas fiqur kimi qalacaq.
«Ankara Suriyadakı sünni üsyançılarla da əlaqələr yaradıb, onları ələvilərin nəzarətində olan Dəməşq və onun müttəfiqi Rusiyaya qarşı dəstəkləyir. Etnik türkmanlar isə Ankaranın YPG qruplaşmasına qarşı strategiyasında vacib komponentə çevrilib. Bu səbəbdən bazar ertəsi elan olunan üzrxahlıqdan sonra Rusiya-Türkiyə münasibətlərinin düzələcəyini gözləmək olar, amma bu da müəyyən nöqtəyədək gedəcək», - təhlildə vurğulanır.
ERDOĞAN RUSİYAYA NİYƏ YAN ALIR
«The Guardian» qəzetində Simon Tisdall yazır ki, Erdoğan-ın Putin-ə məktubu daha geniş diplomatik gedişin tərkib hissəsidir.
«Erdoğan-ın Rusiyayla öpüşüb barışma ehtiyacı bir neçə səbəbdən gücləndi – miqrant böhranına görə Avropayla münasibətləri pisləşdi; ABŞ prezidentin Barack Obama-nın Yaxın Şərqə qarışmamaq siyasətindən narazıdır; inanır ki, ABŞ, NATO və Avropa Birliyin Türkiyənin kürd yaraqlıları və islamçı terrorçuluqla mübarizəsində yetərincə kömək göstərmirlər. Erdoğan Qərbin onun avtoritarizmi, müstəqil mediaya, akademiklərə və tənqidçilərə hücumlarını tənqid etməsindən də xoşlanmır. Onun bu diplomatik itkiləri demokratik dəyərlərin ucuz tutulduğu Səudiyyə Ərəbistanı kimi ölkələrlə əlaqələri dərinləşdirməklə kompensasiya etmək cəhdi də yetərincə uğurlu olmadı», - müəllif yazır.
Erdoğan-ın nazirləri Britaniyanın AB-dən çıxmağa səs verməsindən sonra AB ilə əməkdaşlıqdan da yumşaqcasına danışmağa başlayıblar. Amma prezidentin sərt-xətt tərəfdarı olan sözçüsü İbrahim Kalın ölkənin xarici siyasət xəttində dəyişikliklərlə bağlı deyilənləri təkzib edib. Onun sözlərinə görə, Ukrayna və Suriya məsələlərində Rusiyayla fikir ayrılıqları qalır. Sözçü vurğulayıb ki, İsraillə yaxınlaşmanın da eyni vaxta düşməsi təsadüfdür.