-
İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Steven Gerrard ingilis futbolçuların İslandiyaya məğlubiyyətdən sonra keçirdiyi hissləri anlayır.
36 yaşlı futbolçu The Guardian-a verdiyi açıqlamada yığmada qalib ruhunun çatışmadığını və psixoloji problemlərin olduğunu da vurğulayıb:
“İngiltərə yığmasının oyunçularının İslandiyaya məğlubiyyətdən sonra düşdüyü vəziyyəti heç vaxt yaşamamışam. Ancaq böyük turnirdə mübarizəni dayandırandan sonra futbolçuların özünü necə hiss etdiyini dəqiq bilirəm. Nitsadakı oyunun ikinci yarısında onların nələr hiss etdiyini təsəvvür edirəm. İkinci qolu buraxandan dərhal sonra ingilis futbolçular mümkün məğlubiyyətin fəsadları haqda düşünməyə başlayıblar. Ağıllarından bu fikir keçib: “Cavab qolunu vura bilməsək, necə olacaq?”
İngiltərə yığması Avropa və dünya çempionatlarında qələbə mədəniyyəti olmayan komandadır. Odur ki, hadisələrin arzuolunmaz axarı fonunda dərhal psixoloji təsir özünü göstərir. Yığmamız ətrafında heç vaxt rahat mühit olmayıb, yalnız isterika görmüşük”.