-
Daxili İşlər Nazirliyi ( DİN) Jam.az saytının həbs edilən baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı məlumat yayıb.
Bu haqda nazirliyin saytında bildirilir.
Nazirlik vurğulayır ki, jurnalist Xətai rayonunda yerləşən restoranlardan birinin sahibinin müraciəti üzrə saxlanıb.
Bu məlumata görə, adı açıqlanmayan həmin sahibkar DİN-ə bildirib ki, Fikrət Fərəməz oğlu İbişbəylinin rəhbəri olduğu Jam.az və digər saytlar onun obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yayırlar. O, iddia edib ki, jurnalist həmin yazıların saytdan çıxarılmasından ötrü aprel ayında ondan 1000 manat alıb. Jurnalistin habelə, gələcəkdə bu səpkili materialların yazılmamasından ötrü hər ay 5000 manat tələb etdiyi iddia olunub.
Nazirlik araşdırmalar zamanı müraciətdə göstərilən xüsusatların təsdiqini tapdığını bildirir. Məlumatda qeyd edilir ki, jurnalist iyunun 30-da həmin şəxsdən 3000 manat alarkən saxlanıb.
Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) iş başlanıb.
DİN həmçinin, bəyan edib ki, Fikrət Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.
Nazirlik istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirir.
Nərimanov Rayon Məhkəməsi iyunun 2-də Fikrət Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib.
Fikrət Fərəməzoğlunun həyat yoldaşının deməsinə görə, iyunun 30-da günorta saatlarında 4-5 nəfər mülki geyimli şəxs kimliyini bildirmədən, onların evində axtarış aparıb. Baş redaktora məxsus noutbuk, sənədlər, yazılar, disklər, hətta uşaqlarının toy diskləri götürülüb.
Bu gün vəkil Nemət Kərimli isə Azadlıq Radiosuna bildirmişdi ki, jurnalistlə görüşə bilməyib. İşin detalları haqqında ona heç nə bəlli deyil.
F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunmuşdu. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.
F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə, xəbərdarlıq olunub.
Jurnalist həbs ediləcəyi ilə bağlı bu ilin mayında bəyanat da yaymışdı. «Şəxsi həyatıma yaranmış təhlükə ilə əlaqədar təhlükəsizliyimin təmin olunması barədə göstəriş verməyinizi xahiş edirəm», - deyə baş redaktor bu il mayın 17-də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişdi.