Avropa Liqasında cavab oyunları keçiriləcək

«Qəbələ» klubu. Foto arxiv

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Azərbaycanın «Kəpəz», «Neftçi» və «Qəbələ» klubları cavab qarşılaşmalarına çıxacaqlar.

«Kəpəz» klubu Moldovada yerli «Daçiya» ilə qarşılaşacaq. Bu klub iyunun 28-də «Dalğa Arena»da keçirilən ilk oyunda qolsuz bərabərə qalmışdı.

«Qəbələ» klubu isə Gürcüstanda yerli «Samtrediya»nın qonağı olacaq. «Qırmızı-qaralar» ev sahibliyi etdikləri ilk oyunda rəqib üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanmışdılar.

«Neftçi» klubu isə Bakıda Maltanın «Baltsan» klubunu qəbul edəcək. Paytaxt təmsilçiləri ilk oyunda rəqibi 2:0 hesabı ilə məğlub etmişdilər.

«Neftçi»-«Baltsan» qarşılaşması Bakı vaxtı ilə saat 20:00 başlayacaq.
Digər iki qarşılaşma isə rəqib meydanlarda Bakı vaxtı ilə saat 19:00 start götürəcək.

İdman ekspertləri «Neftçi» və «Qələbə»nin növbəti mərhələyə adlamaq imkanlarını yüksək dəyərləndirirlər.

«THEO WEEKS-DƏN QOL GÖZLƏYİRƏM»

Qarşılaşmalardan öncə hər iki klubun baş məşqçisi də elə inamlı açıqlama yayıblar.

«Neftçi» klubunun çalışdırıcısı Vəli Qasımov deyib ki, bu qarşılaşmadan da yaxşı nəticə gözləyirlər:

«Malta səfərindən qayıdandan sonra futbolçulara istirahət verməmişik. Komanda yaxşı vəziyyətdədir. Cavab oyunundan da yaxşı nəticə gözləyirik».

«Qələbə» klubunun baş məşqçisi Roman Hrygorchuk isə bildirib ki, ilk oyunda böyükhesablı qələbə qazansalar da, bu qarşılaşmaya da ciddi hazırlaşıblar:

«Heyətimizə qatdığımız yeni oyunçuların transferindən razıyam. Onların gələcəkdə də tələblərimizi yerinə yetirə biləcəyini gözləyirəm. Theo Weeks-in bu matçda qol vurmamaq variantını ağlımızdan keçirmirik. Mən istəyirəm ki, liberiyalı bu qarşılaşmada da rəqib qapısına yol tapsın. Həm ondan, həm Bagaliy Dabo-dan, həm də digər hücuma meylli futbolçularımızdan qol gözləyirəm».

«Qəbələ»nin yeni transferi Theo Weeks ilk oyunda 3 qol vurmuşdu.