Astaranın dağlıq ərazilərində sürüşmənin artmasından avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi bildirilir.
APA-nın xəbərinə görə, aktivlik əsasən rayonun Deqədi-Pəlikəş avtomobil yolunda müşahidə olunub. Son günlər sürüşmənin intensivləşdiyi, yolun çökdüyü və daraldığı deyilir. Üstəlik, yolda asfalt qatın dağıldığı söylənir.
Uzunluğu 21 kilometr olan Deqədi-Pəlikəş avtomobil yolu ötən il istifadəyə verilib. Yoldan 12 min əhaliyə malik 21 yaşayış məntəqəsi istifadə edir.
Son vaxtlar ölkənin ayrı-ayrı bölgələrində torpaq sürüşmələri aktivləşib. Şamaxı, İsmayıllı rayonlarında və Ağsu dolaylarında belə hallar qeydə alınıb. Mütəxəssislər buna səbəb kimi intensiv yağışları göstərirlər. Amma bir qisim ekspertlər də deyir ki, ağacların qırılması, yaşıllığın azalması da sürüşməni aktivləşdirən səbəblərdəndir.