Yağıntılar davam edərsə, Azərbaycanı sel basa bilər

Azərbaycanın cənub rayonlarında sel (arxiv fotosu)

İyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında Azərbaycanı sel basa bilər.

Bu barədə Trend-ə AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib.

Onun sözlərinə görə, selin dağıdıcı təsir qüvvəsi daşqının dağıdıcılığından dəfələrlə çoxdur.

Hazırda ölkənin çaylarında baş verənlər daşqın və qismən sel olduğunu deyən mütəxəssis əlavə edir ki, yağıntılar davam edərsə, iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında ölkəni sel basa bilər: «Sel dağıdıcı prosesdir. Daha böyük sellərin olması üçün uzunmüddətli quraqlığın olması vacibdir. Bu da bizim ərazi üçün avqustun ikinci yarısı və sentyabr ayı üçün xarakterikdir. Hələlik baş verənlər sel xarakterli daşqınlardır», - E. Əlizadə bildirib.

O qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il daşqınların fəsadları daha çox olub.

«Bu ilin yaz və yay aylarının əvvəlləri yağışların intensivliyi ilə seçilir. Ona görə də dağ çaylarında daha çox daşqın olur. Dəyən zərərlərin əksəriyyəti də daşqınların nəticəsidir. Hələlik sırf xarakterik sel hadisəsi baş verməyib», deyə Elbrus Əlizadə vurğulayıb.

Bir neçə gün əvvəl dağlıq ərazilərə düşən yağış Kiş çayını daşırmış, Kiş kəndi ilə şəhəri birləşdirən körpü dağılmış, mərkəzlə əlaqəsi kəsilmişdi.

İyunda da ölkə ərazisində intensiv yağışlar nəticəsində İsmayıllı, Qusar, Göyçay, Tovuz, Gədəbəy və Şamaxıda da sel suları ciddi problemlər yaratmışdı. Gədəbəydə bir nəfər sel sularında həyatını itirmişdi.