AZAL təyyarə alışı ilə bağlı danışıqlar aparıb

-

AZAL rəhbərliyi "Farnborough Airshow - 2016" aviasalonu çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə danışıqlar aparıb.

Turan bu haqda AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərə görə, AZAL-ın prezidenti Cahangir Əsgərov "Boeing", "İlyuşin", "Antonov" kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.

"Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd “Boeing 737” MAX təyyarəsinin tədarükü, layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.

AZAL prezidentinin “İlyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsov ilə görüşündə isə “МC-21” təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. Qeyd edək ki, tərəflər iyunda 10 yeni “МС-21” orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalayıblar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.

Həmin görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan “Аn-124-100” təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə də müqavilə imzalanıb.