Köçkün özünü yandırmaq istəyib

Mahir Məmmədov

İyulun 14-də Masazır qəsəbəsinin Zəngilan şəhərciyində yaşayan Mahir Məmmədov intihara cəhd etmək istəyib. M.Məmmədov deyib ki, Abşeron Rayon İcra Hakimiyyəti əməkdaşlarının kobudluğuna görə bu yola əl atıb.

Xəbəri ANS yayıb.

M.Məmmədov üstünə yanacaq tökərək şəhərciyin hasarının üstünə çıxıb.

M.Məmmədovun bildirib ki,iyulun 14-ü səhər saatlarında rayon icra hakimiyyətinin bir qrup əməkdaşı yeni tikdirdiyi iaşə obyektinin hasarını söküb. Söküntü zamanı qurum əməkdaşları ilə əlbəyaxa da olub. M.Məmmədov hasarı sökülən obyektin bütün sənədlərinin qaydasında olduğunu deyib.

Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev isə bildirir ki, M.Məmmədovun iaşə obyektinin tikintisi üçün lazım olan sənədləri qaydasında deyil. A.Əliyev M.Məmmədova lazımi sənədləri almaq üçün 1 ay müddət veriləcəyini, yalnız çıxarış aldığı təqdirdə obyektin inşasını davam etdirə biləcəyini deyib.

Buna oxşar hadisələr əvvəllər də olub. 2014-cü ildə Qarabağ müharibəsi veteranı Zaur Həsənov iaşə obyektinin sökülməsinə etiraz olaraq Həmkarlar İttifaqı Konfederasiyasının binası qarşısında üstünə benzin töküb özünü yandırmışdı. Onun həyatını xilas etmək mümkün olmamışdı.