Goranboy sakini: 'Uzunqulaq şəkli çəkib göndərdim Prezident Aparatına'

Cəmilə Zeynalova

►“Bununla ona demək istədim ki, “ay prezident, bəsdir bizi uzunqulaq yerinə qoydunuz”.

Goranboy sakini Cəmilə Zeynalova ona qarşı dələduzluq etmiş şəxsin cəzalandırılmasını tələb edib.

Ancaq özü də bilməyib ki, “bu xəmir çox su aparar”. Deyir, polis dələduz barəsində tədbir görməkdənsə, onun özünü etdiyi şikayətlərə görə cana yığıb.

Goranboylu Cəmilə Zeynalova başına gələnləri danışdıqca bilmirsən, güləsən, yoxsa ağlayasan.

Deyir, xeyli vaxtdır rayonun polisində işləyənlərin gözü-qulağı ondadır ki, rayon məmurlarından Bakıya “şikayət uçurmasın”.

Çünki bir müddət əvvəl daxili işlər nazirinin qəbuluna getməsi nəticəsində, deməsinə görə, bir müstəntiq işdən çıxarılıb. O gün – bu gün, onun növbəti şikayətlərinin qarşısı hər cəhdlə alınır.

“POLİS RƏİSİ MƏNİMLƏ QƏRƏZƏ GİRDİ”

Bəs yaşı 60-a yaxın olan bu xanımı əsasən də rayon polisindən gileyli salan səbəb nədir?

Deməsinə görə, bir yaxın qohumu tərəfindən 173 qram qızılının və 11 min 500 dollarının dələduzluqla ələ keçirilməsi ilə bağlı polisə müraciət edib. Polis əvvəl işə baxmayıb. O da məhkəməyə üz tutub. Məhkəmə cinayət işi başlanması barədə qərar çıxararaq polisə göndərib. Ancaq nədənsə, polis işə baxmağa yenə maraq göstərməyib. O da polisin hərəkətlərindən şikayət etmək qərarına gəlib və özü demişkən, başına gəlməyən macəra qalmayıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Cəmilə Zeynalova danışır:

“Gördüm ki, polis qızıllarımın, pulumun mənə qaytarılması və həmin adamın cəzalandırılması üçün tədbir görmür, üz tutdum Bakıya. Daxili İşlər Nazirliyinə gedib cənab nazirin qəbuluna düşdüm. Başıma gələnləri danışdım, dedim, polis sıradan bir cinayətin üstünü açmaq istəmir. Başıma gələnləri danışandan sonra nazir söz verdi ki, işi nəzarətində saxlayacaq. Az sonra işi aparan müstəntiqi işdən azad etdilər. O gündən polis rəisi mənimlə qərəzə girdi. Qızıl, pul, dələduz qaldı kənarda, başladıq bir-birimizlə döyüşməyə...”

Deyir, az qala bir dəfə də nazirlə üzbəüz oturmaq şansı varmış. Ancaq imkan verməyiblər:

“AXIRINCI 20 MANATIMI TAKSİYƏ VERDİM”

“Nazir Bərdədə vətəndaşları qəbul edirdi. Axırıncı 20 manatımı taksiyə verdim ki, qəbula gecikməyim. Bu dəfə nazirə dələduzun hələ də cəzasız qalmasını yox, ona şikayət etməyimin bədəlini hələ də ödəməkdə olduğumu demək istəyirdim. Rəis və əlaltıları məni nazirin qəbul keçirdiyi binaya yaxın da buraxmadılar”.

Cəmilə xanım danışır ki, başına ən “unikal” hadisə prezident rayona səfər edəndə gəlib. Hələ prezident gəlməmişdən iki gün əvvəl onu polis şöbəsinə apararaq hazır sənədlərə qol çəkdirmək istəyiblər – guya prezidentin mühafizəçilərindən birinin maşınının üstünə qaçıbmış...

Goranboy rayon polis şöbəsindən “Qaynar xətt”ə bildiriblər ki, Cəmilə Zeynalovanın dediklərinin heç bir əsası yoxdur:

“Onun rəislə bağlı söylədiklərinin heç biri həqiqətə uyğun deyil. Bir qohumundan şikayət edib, o da Azərbaycanda yoxdur. Rusiya vətəndaşıdır. Xanımın dedikləri qərəzdən, yalandan başqa bir şey deyil. Hər bir vətəndaşın şikayət etmək hüququ var. Buna görə vətəndaşı incitmirlər”.

“BƏSDİR BİZİ UZUNQULAQ YERİNƏ QOYDUN”

Cəmilə Zeynalova Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə və prezidentə çoxlu sayda məktub göndərdiyini, ancaq bu məktubların heç birinə cavab almadığını deyir. O da etməyib tənbəllik, prezidentə növbəti və daha fərqli bir məktub göndərib:

“Uzunqulaq şəkli çəkdim, qoydum zərfə, göndərdim. Bununla ona demək istədim ki, “ay prezident, bəsdir bizi uzunqulaq yerinə qoydunuz”.

Cəmilə Zeynalova ölkə başçısına göndərdiyi bu sonuncu məktubuna hələ də cavab gözlədiyini deyir.

Buna da bax: Ramzan Kadyrovdan şikayət edənlər belə cəzalandırılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramzan Kadyrovdan şikayət edənlər belə cəzalandırılır