Genco Erkal: Erdoğanın elədiyi də sivil dövlət çevrilişidir

Türk teatr aktyoru və rejissoru Genco Erkal

-

"Rejimi dəyişdirəndə də insan insan olmağa borcludur. Çünki baxırıq ki, Sovet hakimiyyəti də ən gözəl məqsədlərlə, amma ən repressiv üsulların köməyilə qurulmuşdu".

"Liberal bir cəmiyyətdə həm iqtidar, həm də onun əleyhdarı xuntanın dini mənşəlli olması necə bir ölkədə yaşadığımıza və yaxın gələcəkdə başımıza nələrin gələcəyinə siqnaldır".

"Türkiyə ağlını itirib. Güclü bir narahatlıq var, amma çıxış yollarının hamısı tıxanılıb. Yuxarıda oturan bir qrup insan bizə hər şeyi diqtə edir və heç kimin səsi çıxmır. Güclü müxalifət yoxdur".

Türkiyənin tanınmış teatr xadimi, rejissor və aktyoru Genco Erkal 1969-cu ildə yaratdığı və indiyə kimi çalışdığı "Dostlar teatrı"nda yaxın günlərdə Nazim Hikmətlə Bertold Brechtin şeirlərini, şeirlərinə yazılmış mahnıları açıq hava teatrında “Günəş süfrəsi” adı altında səhnələşdirib. O rejissoru və aktyoru olduğu son tamaşası ilə bərabər iyulun 15-i Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd və ümumiyyətlə son dövr Türkiyədə gedən prosseslərlə bağlı "Cumhuriyet" qəzetinə müsahibə verib.

- Nazim Hikmət və Brechtin düşüncə və ruhi DNT-sinə baxanda qardaş çıxacaqlarını deyə bilərikmi?

- Əlbəttə, tam olaraq. Əvvəla dünya görüşləri eynidir. Ancaq bu da var ki, şəxsiyyətcə fərqlidirlər, beyin və yolları, üsullarına baxanda eyni şeyi deyirlər. İkisinin də fərqli xarakterləri olduğunu görürəm. Nazim daha duyğusal, daha romantik, daha cəsarətli adamdır, əlbəttə düşüncə də var, amma ürəyi fərqlidir. Brechtdə əsas sözü beyin deyir, ürək arxa fonda gizlənir və çox gözəl yumor hissi var. Bütün dünyaya ironiyayla dolu bir baxışla baxır.

Alman şairi və dramaturqu Bertold Brecht

- Brecht “əvvəlcə rejimi dəyişdir, sonra insanı mühakimə et” məntiqini müdafiə edir. Sizcə insan əvvəlcə özünü mühakimə etməli deyilmi?

- Bunun əvvəli, sonrası yoxdur, ikisi eyni zamanda baş tutmalıdır. Əvvəl onu mühakimə edək, sonra insanı edərik desək mühakimələr heç vaxt bitməz. Rejimi dəyişdirəndə də insan insan olmağa borcludur. Çünki baxırıq ki, Sovet hakimiyyəti də ən gözəl məqsədlərlə, amma ən repressiv üsulların köməyilə qurulmuşdu.

- Brechtin şeirində “Yaxşılıq nəyə lazımdır” deyə soruşulur. “Yaxşı insan olmaq yerinə, dünyanı elə bir yerə çevirin ki, yaxşılıq etməyə ehtiyac qalmasın, bir gün çıxıb gedəndə sizin haqqınızda yaxşı insan idi deyil, yaxşı bir dünya qoyub getdi desinər” – deyə Brecht yazır. Deməli Brecht üçün yaxşılıq elə bir şey ifadə etmir.

- Brechtin kiçik bir hekayəsi var, orda soruşur “Köpək balıqaları insan olsaydı kiçik balıqlarla dahamı yaxşı rəftar edərdi?” və Brecht bu suala cavab verir: “Əlbəttə! Köpək balıqları insan olsaydı, kiçik balıqlar üçün dənizin dibində sığınacaqlar düzəldərdilər, sığınacaqların içinə hər cür yemək qoyar, balıqların sağlamlığını nəzarətdə saxlayardılar.

Türk aktyoru Genco Erkal Nazim Hikmətlə bağlı tamaşada oynarkən.

Şübhəsiz ki, ən mühüm məsələlərdən biri kiçik balıqların tərbiyəsi olardı. Kiçik balıqların özlərini istəyərək fəda etməsi məktəblərdə ən böyük, ən ali keyfiyyət kimi öyrədilərdi. Köpək balıqları insan olsaydı, dinləri də olardı. Bu din, kiçik balıqların ancaq köpək balıqlarının qarnında gerçək həyatı yaşayacağını öyrədərdi …” Bax bu hekayə yaşadığımız quruluşu hərtərəfli təsvir edir.

- İyulun 15-i baş vermiş dövlət çevrilişinə cəhdi necə qiymətləndirirsiniz?

- İndiyə kimi yaşadığım dövlət çevrilişləri kolleksiyasına biri də əlavə olundu. Çox

Məscidlərin hərəkətə gəlib höküməti müdafiə etməsi narahat olunmalı haldır.

şükür ötüşdü. Xatırladığım dövlət çevrilişlərindən mənə ən çox Talat Aydemirin dövlət çevrilişini xatırlatdı. O vaxtlar Ankarada səfərdəydik və “Cəsur əsgər Şveyk”i oynayırdıq. Gecə boyu tanklar, təyyarələr, radyodan səslənən mesajlar davam etdi. Ancaq səhərə yaxın saman alovu kimi yandı bitdi. Bu çevriliş də ona çox oxşadı. Ancaq 15-i gecə yaşananların özünəməxsusluğu da vardı. O fərqlər arasında bunları saya bilərəm. Birinci dəfə idi xalqı küçəyə çıxmağa çağırdılar. Bu səbəbdən xeyli adam öldü. Bir də məscidlərin çevrilişə qarşı işə keçməsi. Bunu ilk dəfə idi görürdüm. İqtidarın dini yönümlü olması məscidlərin də çevrilişlə mübarizəsinə gətirib çıxardı. Müxtəlif məhəllələrdə gecə boyunca məscidlərdən elanlar yüksəlirdi. Cihad çağırışları edilirdi. Xuntaçıların da dini-ideoloji qruplardan olması camaatı daha da qızışdırdı. Təəssüf ki, ölkəmizdə dini təəssübkeşlik get-gedə daha böyük miqyas alır. Məscidlərin hərəkətə gəlib höküməti müdafiə etməsi narahat olunmalı bir haldır. Liberal bir cəmiyyətdə həm iqtidar, həm də əleyhdarı olan xuntanın dini mənşəlli olması necə bir ölkədə yaşadığımızı və yaxın gələcəkdə başımıza nələrin gələcəyinə siqnaldır.

Xalqı küçəyə çağırmaq çox təhlükəliydi.

- İqtidarın “küçələrə çıxın”, “meydanlara yığışın” çağırışını necə şərh edərdiniz?

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd olan gün tankların qarşısına çıxmış xalq kütləsi.

- Bu çox təhlükəli çağırış idi. Hər cür provakasiyanın, insidentin baş verə biləcəyi məqamda xalqı küçəyə çağırmaq çox təhlükəliydi. Qızmış kütləni necə idarə edəcəkdilər?

- 15 iyul gecəsinə “demokratiyanın bayramı” deyənlər var.

- Yuxarıdakılar bu hadisəni hakimiyyəti gücləndirmək və çoxdan planlaşdırdıqları prezidentlik sistemini gerçəkləşdirmək üçün fürsət kimi istifadəni hədəfləyir. Yoxsa hadisə olub bitəndən sonra kütlələni yenidən meydanlara yığmağın nə mənası vardı? Bundan sonrakı hadisələri narahatlıqla gözləyirəm. Mən bu “demokratiyanın bayramı”ndan yaman qorxuram.

Ən yuxarıda oturan adam, qanunlara, qaydalara ən çox hörmət etməli adam “ürəyim belə istəyir, belə də olacaq” deyir.

- Siz univerisitetdə psixologiya oxuyubsunuz, ona görə də soruşmaq istərdim: Türkiyənin bu günki psixoloji durumunu necə xarakterizə edərdiniz, “təcili yardım” çağırmaq lazımdırmı?

- Türkiyə ağlını itirib. Güclü bir narahatlıq var, amma çıxış yollarının hamısı tıxanılıb. Yuxarıda oturan bir qrup insan bizə hər şeyi diqtə edirlər və heç kimin səsi çıxmır. Güclü müxalifət yoxdur. Lap yuxarıda dayanan adam (Erdoğanı nəzərdə tutur - red) özünü prezident elan edilmiş kimi aparır. “Mən eləyəcəm, olacaq, qanunları da ürəyim istədiyi kimi dəyişəcəm” – deyir. Bəs bunun adı nədir, onun elədiyi də rəsmən sivil dövlət çevrilişidir. Hətta dövlət çevrilişindən daha böyük bir şeydir.

Dünyanın hansısa demokratik ölkəsində, bizdəki şeylər ola bilərmi? Ən yuxarıda oturan adam, qanunlara, qaydalara ən çox hörmət etməli adam “ürəyim belə istəyir, belə də olacaq” deyir. Kim səsini çıxarda bilir? Ölkədə o qədər hakim var, amma hamı kimi onlar da təslim olub…