“Referendum aktının müdafiə olunacağına əminəm”

Əli Hüseynli

-

“Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ” Referendum Aktının təqdim olunması zamanın tələbidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkə başçısının Konstitusiyaya dəyişikliklər paketini şərh edərkən belə deyib.

Deputat APA-ya bildirib ki, prezidentin təqdim etdiyi bir sıra müddəalar əvvəlki Referendum Aktlarının müzakirələri zamanı da səslənib.

“Müəyyən təməl prinsipləri çıxmaq şərti ilə hər bir ölkənin Konstitusiyası özünəməxsusdur və ölkənin tarixi, inkişafı, ənənələri ilə üzvi surətdə bağlıdır. Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet verdiyi müddəaları Konstitusiyaya daxil edə bilər. Azərbaycanın davamlı inkişafı, təhlükəsizliyinin tam təminatından ötrü güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması, yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacaq ", deputat qeyd edib.

Dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Aparıcı müxalifət partiyaları bu dəyişikliyi Azərbaycanda cümhuriyyət sistemindən monarxiya sisteminə keçid kimi dəyərləndirib. Müxalifətin fikrincə, prezident bununla ailə üzvilərini hakimiyyətin özündən sonrakı yüksək pillələrinə gətirmək istəyir.