Ü. Hacıbəyov: Osmanlıda "Qanuni-əsasi" verildi heç kəs inanmadı

Üzeyir Hacıbəyov

-

"Osmanlı qəzetlərini alıb baxırdıq nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümzü qəzetənin ora-burasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq!"

"Osmanlı düşündü: Serbiya qopdu, Bolqariya qopdu. Qaradağ qopdu, Qafqazın gunbatan tərəfi qopdu, Bessarabiya qopdu. Kirit qopdu, Kıbrıs qopdu, Misir qopmaqdadır. Ərəbistan qopar-qopmazdır. İndi də Makedoniya qopsun, bəs nə qalsın?"

"Tanışlarımdan birisi deyir ki, "Tərəqqi"ni alıb, gördüm ki, başdan "Osmanlıda qanunn əsasi" yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır".

Oxu Zalı görkəmli Azırbaycan bəstəkarı və yazarı Üzeyir Hacıbəyovun əsrin əvvəllərində Osmanlı Türkiyəsinə baxışını ifadə edən fleytonlarını təqdim edir.

Osmanlıda qanuni-әsasi*....

Otuz illik istibdad istәr osmanlıların özlәrinә, istәr bizlәrә, istәr әcnәbi adamlara o qәdәr tәsir edib, Osmanlı xüsusunda fikrimizi o qәdәr çaşdırıbdır ki, Osmanlı vә qanuni-әsasi sözlәrinin bir yerdә olması bizә mәzәli görünür vә hәtta mәntiq (loqika) cәhәtincә dә guya xilaf hesab olunur.

Osmanlıda qanuni-әsasi....

İngilisdә qanuni-әsasi.... Almaniyada qanuni әsasi.... Yaponiyada qanuni әsasi.... Hәtta, Rusiyada qanuni-әsasi.... Axırı lap İranda da qanuni-әsasi.... Bu sözlәr bizlәrә bir o qәdәr, hәtta nәinki bir qәdәr, lap heç tәәccüblü görünmür. Doğrudan da, elәdir. Almaniyada qanuni-әsası -- Mәşәdi Rüstәmin papağı. Bu ikinci sözlәrә tәәccüb etmәdiyimiz kimi әvvәlincilәrә dә etmirik. Amma, Osmanlıda qanuni-әsasi--bu ona bәnzәr ki, mәsәlәn, Kәrbәlayı Hüseynqulunun furajkası.

Xülasә.... Osmanlıda qanuni-әsasi!

Adamlar bir-birinn görüb soruşurlar: bu nә olan işdir sultandan çıxmaya?! Deyirlar ola bilsin ki, sultan mәrhum Müzәffәrәddin şah kimi etmәk istәyir. Bu çox yaxşı olar, hәrgah sultanın oğlu Mәmmәdli şah kimi elәmәyә!

Amma o elәyә bilmәz, çünki Osmanlı camaatına qanuni-әsasinin tәk bir ucunu göstәrmәk kifayәtdir, dalını özlәri çәkib çıxardarlar.

Bәli! Әvvәlcә İstanbul qәzetlәri belә yazırdılar:

"Sayeyi-mәrhәmәti-vayeyi-xilafәtpәnahda kamali-rәfahәt vә sәadәtlә yaşamaqda olan Anadolu әhalilәri dövlәti mәmureyi-kiramın onlarla olan müamileyi-müşfiqanәsindәn dolayı tәşәrrüati-binә-hayәlәrini xaki-payi-şahanәyә tәqdim edib ... keflәri kök və damaqları çağ olduqlarını bildirir".

Amma qanuni-әsasidәn sonra belә yazacaqlar:

"Anadolu vilayәtinin әhalisi acından tәlәf olmaqdadır. Zalım vә rüşvәtxor mәmurların zülmü binәva әhalini cana gәtirmişdir. Arvad-uşaqların ahu nalәsi göyә qalxmışdır. İstambul bunlara tez bir әlac etsin".

Tәfavöt әz koca ta bekoca!

Hәlәlik bu sözlәr bәsdir. Çünki qorxuruq ki, birdәn sözümüzü geri götürmәyә mәcbur olaq. Ancaq burası da mәxfi qalmasın ki, әgәr sultan, doğrudan da, qanuni-әsasi versә, o surәtdә Mәmmәdәli şahın sultana bәrk acığı tutacaqdır.

Olarmı, Olmazmı?

Osmanlı qanuni əsasisinə inanmaq olarmı, olmazmı? Həmin bu məsələ çox adamın fikrinə gəlir və çox adamın bir çoxu deyir ki, olmaz və bir qədəri də "olmaz" demək xoşuna gəlmədiyinə görə deyir: Olar! İndi baxaq görək olarmı? Olmazmı?

İngilis Osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır! Rusiya da Osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır.

Bu cürə sözlər Osmanlıya giran gəldi. Bir az fikir elədi və soruşdu: Makedoniya kimin yeridir?

Dedilər:

– Xristiyanların!

Bu cavab Osmanlını bir iki dəfə öskürməyə məcbur etdi və baxdı gördü ki, bunların "islahat" sözü özgə bir mənaya işarədir.

Doğrudan da çox vaxt belə olur ki, lap açıq və aydın bir sözün başqa bir mənası olsun. Məsələn: görürsən Kərbəlayi Cənnət axşam evində oturub arvad-uşağı ilə bozbaş yeyir. Bir də eşidirlər ki, darvazadan bir səs gəlir: Kərbəlayi Cənnət!

Kərbəlayi Cənnət, bir qapıya dur, səni görmək istəyirlər. Kərbəlayi Cənnət – bu sözlərin əsil mənasına müvafiq – qapıya durur ki, onu görsünlər... Burada Kərbəlayi Cənnəti vurub öldürürlər. Onda Kərbəlayi Cənnət başa düşür ki: qapıya dur, səni görsünlər – yəni gəl səni öldürək, mənasına imiş.

Osmanlı – Kərbəlayi Cənnət kimi eləmədi. Yəni bəri başdan anladı ki "Makedoniyada islahat lazımdır". Yəni Makedoniyanı qopardıb Osmanlıdan ayırmaq lazımdır.

Osmanlı düşündü: Serbiya qopdu, Bolqariya qopdu. Qaradağ qopdu, Qafqazın gunbatan tərəfi qopdu, Bessarabiya qopdu. Kirit qopdu, Kıbrıs qopdu, Misir qopmaqdadır. Ərəbistan qopar-qopmazdır. İndi də Makedoniya qopsun, bəs nə qalsın?

Doğrudan bəs nə qalsın?

İngilis genə yoldaşı ilə gəldi, dedi ki, Makedoniyada islahat lazımdır! – Lənət şeytana!... Deyirsən baba lazım deyil: yer mənim, mən mənim. Sizə nə? Onda da ortaya "müdaxilə" məsələsini qoyarlar.

Bəs nə olsun?

Osmanlı bu fikirdə idi ki, birdən gənc türklər "bizə qanun əsasi" deyib çığırmağa başladılar. Osmanlı bu "qanuni əsasi"ni eşidən kimi dedi: Ah, tapdım! Makedoniyada "islahat" lazım deyil!–deyib qanuni əsasi verdi.

İngilis yenə yoldaşı ilə gəldi ki: Makedoniyada islahat lazımdır!

Osmanlı dedi: Onu mən bilmirəm.

Soruşdular: Bəs kim bilir?

—Dedi – Osmanlının məclisi millisi!

—Necə? Osmanlıda məclisi milli? Yoxsa gənc türklərdən qorxdun? İstəyirsən qoy biz gələk onları dağıdaq!

Osmanlı dedi, yox zəhmət çəkməyin. Dedilər

– Ey bivəfa! İstibdadə vəfa etmədin!...

Dedi:

– Canım sözün doğrusu baxıb görürəm ki, məsələn: budur Sizin qanuni əsasiniz və məclisi milliniz var ona görə də heç kəs sizə demir ki, məsələn: Hindistanda islahat lazımdır, ya Qafqazda islahat gərəkdir!.... Bu səfər məni bağışlayın.

İndi görək Osmanlıda qanuni əsasi olarmı, olmazmı. Mən deyirəm olar.

İnanmayan kafirdir

Lap əvvəllərdə bizim idarəmizə Osmanlı qəzetələri gələrdi. Bu qəzetələr bir-birinin üstə qat-qat yığılıb kəndirlə bağlanmış olardı. Osmanlı qəzetələrini görüb biz çox sevinərdik və tez kəndiri qırıb qəzetələri açırdıq ki, görək Osmanlıda nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümzü qəzetənin ora-burasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq! Ancaq elə bunu görərdik ki, yazıb "bu gün pək sicaqdır–yoğurt, (qatıq) insanə nəfdir" – "Fransa səfiri dün vapora rakib olaraq, Parisə mütəvəccəhən rəvanə oldu" və sairə beş altı dəfə biz Osmanlı qəzetələrini bu cürə açdıq gördük ki, elə hamanki sözlər yazılıbdır.

Sonra belə qərar qoyduq ki, daha bir də zəhmət çəkib vəqtimizi zay edib Osmanlı qəzetələrini oxumayaq. Bu qərarə binaən idarəmizə Osmanlı qəzetələri gələn kimi götürüb kəndirli, filanlı atardıq zibil səbətinə; iqtisad elminə dara olan şəxslər bizə məsləhət görürdülər ki, bu qəzetələri zibil yeşiyinə atınca aparaq və bazarda kağız əvəzinə dükançılara sataq. Bizi inandırırdılar ki, bu çürə eləsək yaxşı pul qazanarıq.

Lakin biz bu alış-verişi, arzu edənlərə tərk edib, dedik ki, vəqtimiz yoxdur. Qərəz Osmanlıda qanun əsasi verildi və hürriyyət elan mətbuat oldu...

Dünən idarəmizə «Tərcüman həqiqət» adlı İstambul qəzetəsi gəldi. Biz bunu görər-görməz tavuq çücələri çörək qırığının üstünə yüyürən kimi qəzetənin üstünə yüyürdük və başladıq basabas salmağa, bir tərəfdən yayın istisi, bir tərəfdən adamların nəfəsi – tər tökə-tökə, ac qurd kimi tamahla qəzetəni oxumağa başladıq və nə gördük – İstambul qəzetəsinin içində, "hürriyyət, ədalət, müsavat, uxuvvət" sözləri!! və bir də haman sözlər ki, bu gün qəzetəmizdə götürüb yazmışıq, təvəqqe edirik ki, oxuyasınız.

Xülasə ki, – hürriyyətə inanmayan kafirdir.

Deyəsən həqiqət imiş

Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.

Tanışlarımdan birisi deyir ki, "Tərəqqi"ni alıb, gördüm ki, başdan "Osmanlıda qanunn əsasi" yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır.

Amma sonra gördüm: Xeyr! Kitab elanı deyilmiş, bəlkə əsli qanuni əsasi elani idi. Bu xəbər Osmanlının düşmənlərinə artıq təsir etmədi. Onlar güldülər və özlərini arxayın etdilər ki, bu bir boş sözdür ki, bu gün yazıb, sabah deyəcəklər ki, balam, yalan imiş, elə şey yoxdur.

Sabah oldu, yalan olmadı, bürsügün oldu, yalan olmadı. Bəlkə getdikcə bu xəbər doğrulaşıb hamını inandırmağa başladı.

Osmanlı düşmənləri bir qədər bikef oldular, sonra ümid elədilər ki, yəqin bu qanuni əsasidən sonra necə il, qaydadır qırğınlar, filanlar başlar. Yevropada bir bəhanə tapıb Osmanlının içinə girib, beş-altı qapaz vurar və deyər ki; siz nəsiniz, qanuni əsasi nədir?

Düşmənlər gördülər ki, qırğın da olmadı. Təəccüb elədilər ki, aya bəs bunların xuliqanları, qara dəstələri, qırğın həvəskarlıları yoxdurmu? Gördülər ki, yoxdur. Çox bikef oldular. Hətta istədilər ki, bir dəstə xuliqan tərtib edib göndərsinlər! Amma baxdılar ki, ondan da kar olmayaçaqdır.

Dedilər: Görək qoşun nə qayıracaq. Güman elədilər ki, qoşun qanun əsasini qəbul etməyib camaatı gülləbaran edəcəkdir. Bir də gördülər ki, qurana and içdi ki, qanuni əsasini mühafizə etsinlər! Zabitlər, jandarmalar qanuni əsasi haqqında nitqlər söyləməyə başladılar...

Düşmənlər lap bikef oldular və bu iş onlara çox giran gəldi, dedilər: Bir görün, dünən can verirdi, bu gün hamıdan səlamət oldu. Bari bir qədər qan da tökülmədi ki, yenə bizim üçün bir təskinlik olaydı.

Və başladılar ağlamağa. Bunların səsinə o qədər adam gəldi. Təəccüb elədi, dedi: Nə üçün ağlayırsınız?

Dedilər ki, Osmanlıda qanuni əsasi olubdur. Buna lap təəccüb edib dedi ki, canım, siz gərək sevinəsiniz ki, Osmanlıda qanun əsasi olmuşdur.

Dedilər: Nə üçün?

Dedi: Bəs Siz həmişə deyirsiniz ki, qanuni əsasi məmləkəti xarab edər, milləti məhv edər!

Dedilər: Ey binəva! Bər əks, qanuni əsasi milləti dirildər, əzəmətə mindirər.

Dedi: Bəs yaxşı, siz ki, özünüzə vətənpərəst deyirsiniz, bəs nə üçün qoymursuiuz ki, öz vətəninizdə də qanuni əsasi olub, millət dirilə və əzəmətə minə?!

Onlar buna bir söz demədilər, ancaq başlarını aşağı salıb daha bərk ağlamağa başladılar. Çünki bir tərəfdən də yalanları aşkar oldu.

_________________

* Qanuni-əsasi - Konstitusiya