Banklar bağlanır, işsizlər artır

İlham Əliyev

Azərbaycanda olimpiya hərəkatı, iş adamlarına təzyiqlər, bankların sıradan çıxması və Konstitusiyaya dəyişiklik layihəsi bu gün medianın əsas mövzularıdır.

İLAM ƏLİYEVİN «OLİMPİYA MİSSİYASI»

«Azərbaycan» qəzetində ölkədə idmanın inkişafında prezidentin rolundan bəhs edən «Olimpiya hərəkatında İlham Əliyev missiyası» sərlövhəli məqalə dərc edilib.

Yazıda əvvəlcə dünyada olimpiya hərəkatının mahiyyətindən bəhs olunur və qeyd edilir ki, Azərbaycanda bu hərəkat 1997-ci ildən geniş vüsət alıb. Müəllifin fikrincə, o zamana kimi ölkə olimpiya yarışlarında xüsusi fərqlənə bilməyib. 1997-ci ildə o zamanlar Dövlət Neft Şirkətinin birinci-vitse prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə (MOK) prezident seçilməsi ilə isə Azərbaycan idmanında yeni dövr başlayıb: «Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Bu sahədə sistemli fəaliyyət başlandı».

Yazıda Azərbaycan idmançılarının ardıcıl olaraq Afina (2000-ci il), Sidney (2004-cü il), Pekin (2008-ci il) və London (2012-ci il) Olimpiya Oyunlarında üst-üstə 25 medal qazanmaları yada salınır.

Daha sonra müəllif Azərbaycanda olimpiya hərəkatının genişləndirilməsindən və olimpiya idman mərkəzlərinin tikintisindən bəhs edir. Yazıda qeyd edilir ki, Azərbaycan idmanının yüksəlişində ölkə prezidenti İ.Əliyevin böyük rolu olub.

Müəllif hesab edir ki, avqustun 5-də Braziliyada başlayacaq Olimpiya Oyunlarında da Azərbaycan idmançıları prezident İ.Əliyevin və xalqın inamını doğruldaraq böyük uğurlar göstərəcəklər.

Nemət Əliyev

İŞ ADAMLARINA HÜCUM...

«Azadlıq» qəzetində isə «Sahibkarlara hücum anonsu verildi» sərlövhəli məqalə oxumaq olar. Yazıda iqtisadçı Nemət Əliyevin vergi sahəsindəki durumla bağlı dəyərləndirmələri yer alır.

İqtisadçı qeyd edir ki, Vergilər Nazirliyinin rəsmiləri vergi bazasının genişləndiriləcəyini açıqlayıblar. Bu da onun fikrincə, iş adamlarına yaxşı bir şey vəd etmir: «Azərbaycan təcrübəsindən bilirik ki, vergi bazasının genişləndirilməsi sahibkarın başında çatlayacaq və bundan sonra biz iş adamlarının üzərinə yeni hücum dalğasını müşahidə etməliyik».

İqtisadçı deyir ki, bu, büdcədə yaranan problemlərlə bağlıdır. Onun fikrincə, bu problem üzündən müəssisə və təşkilatlar əmək fəaliyyətini əvvəlki kimi davam etdirə bilmirlər. N.Əliyev deyir ki, Neft Fondu kimi bir qurum büdcə öhdəliklərini icra edə bilmir. Ona görə də, hökumət vergi bazasını genişləndirməkdən danışır. N.Əliyev vergi bazasının genişləndirilməsinin mahiyyətini belə izah edir: «Vergi bazasını genişləndirmək o deməkdir ki, vergiyə cəlb olunan dövriyyə genişləndirilməlidir. Bu, iki halda mümkündür. Ya verginin dərəcələrini böyüdələr, ya da sahibkarlıqla məşğul olanlar fəaliyyətlərini genişləndirməlidirlər».

İqtisadçının fikrincə, birinci addımı həyata keçirmək çox çətindir. Çünki vergi dərəcələri ilə baş-başa gəlmək asan deyil. İkinci yol isə vergi dövriyyəsini genişləndirməkdir. İqtisadçı deyir ki, bundan ötrü də iş adamlarına olan bütün maneələr aradan qaldırılmalıdır. N.Əliyevin gəldiyi nəticəyə görə, bu yöndə əsas maneələr elə nazirliyin özünün apardığı siyasətdir.

İqtisadçı deyir ki, vergi bazasının böyüdülməsinə nazirlik özündən başlamalıdır, özünün qanunsuz əməllərinə son qoymalıdır. N.Əliyev deyir ki, sahibkarlığa bir maneə də Gömrük Komitəsindən yaradılır.

Hansı bankların bağlanma riski var? Ekspert şərh edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Hansı bankların bağlanma riski var? Ekspert şərh edir

ARXALI BANKLAR ARXASIZLARI «YEYİR»

«Novoye Vremya» qəzetində isə «Bank böhranı güclənir?» sərlövhəli məqalə ilə tanış olmaq mümkündür.

Məqalədə Maliyyə Bazarları Nəzarət Palatasının qərarı ilə bu günlər 4 bankın lisenziyasının əlindən alınması dəyərləndirilir.

Müəllif yada salır ki. «Moody's» və «Fitch» beynəlxalq agentlikləri hələ bir neçə ay öncə dövlətin yardım etmədiyi durumda ölkənin bank sektorunda vəziyyətin daha da ağırlaşacağını bildirmişdilər.

Müəllifə görə, durumun ağırlığına baxmayaraq, nə Mərkəzi Bank, nə də Palata bankları xilas etməkdən ötrü ciddi bir iş görmür: «Həm ölkənin maliyyə tənzimləyicisi, həm də Palata bank sektorunda islahatı, deyəsən, ancaq bankları bağlamaqda görürlər. Yəni, yuxarıda adları çəkilən agentliklərin proqnozları özünü doğruldur?».

Müəllif yazır ki, bankların bağlanmasındansa birləşmələri düzgün olardı. Ancaq o vurğulayır ki, bu proses də bank sektorunda inhisarçılıq kimi təhlükə doğurur: «Bizdə banklar arasında sağlam rəqabət gözləmək çətindir. Yəqin ki, arxasında himayədarları, yüksəkrütbəli hökumət üzvləri olan iri banklar kiçik bankları «yeyəcək». Görünür, bankların sayının azalması prosesində çoxsaylı sualtı «daşlar» mövcuddur».

Müəllifin fikrincə, bankların bağlanmasına daha bir səbəbi isə dollarla götürülən kreditlər məsələsinin həll edilməməsidir: «Dollarla götürülən kredit probleminin həll edilməməsi bütünlükdə etimadsızlığa gətirdi. Bankların bağlanması, birləşdirilməsi, müflisləşməsi bu meyli daha da gücləndirir. Maliyyə sabitliyinə gəlincə, buna ancaq bütün bank sistemini sağlamlaşdırmaqla nail olmaq mümkündür».

Yazıda vurğulanır ki, Palatanın fəaliyyətinə baxmayaraq, ölkədə maliyyə sabitliyi yoxdur. Manatın yeni devalvasiya təhlükəsi var, bankların bağlanması ölkədə işsizlərin sayını artırır.

Pənah Hüseyn

ERKƏN PREZİDENT SEÇKİSİ KEÇİRİLƏ BİLƏR?

«Yeni Müsavat» qəzeti isə dövlət başçısı İlham Əliyevin rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə göndərdiyi Referendum Aktı layihəsindəki müddəaları keçmiş baş nazir Pənah Hüseynlə müzakirə edib.

P.Hüseyn diqqəti daha çox vitse-prezidentlik məsələsi üzərinə yönəldir. Onun fikrincə, vitse-prezidentlik institutu daha çox hakimiyyətin kiməsə ötürülməsi mexanizmidir. Digər tərəfdən isə hakimiyyət bir növ fəxri pensiya postları yaratmaqla, müəyyən şəxslərin real idarəçilikdən ağrısız uzaqlaşdırılmasına da imkan yaradır: «Ola bilsin ki, tək vitse-prezident deyil, vitse-prezidentlər postları yaradılması məsələsi bununla bağlıdır».

P.Hüseyn hesab edir ki, bu referendumun əsas mahiyyəti prezident seçkisini 2018-ci ilə saxlamamaqdır. O, buna səbəb kimi isə ölkədə, regionda, dünyada siyasi və sosial vəziyyətin olduqca sürətlə dəyişməsini göstərir.

P.Hüseyn deyir ki, sonrakı illərə nisbətən bu ilin dekabrında seçkilər keçirmək iqtidara daha asandır. O, Azərbaycanda belə erkən seçkinin olmasını istisna etmir: «Belə bir növbədənkənar seçki Qərb dairələrinin də planlarını pozmağa hesablana bilər. Bir məsələni də qeyd edim ki, növbədənkənar seçkilər olsa, indiki dövlət başçısının namizədliyi qalacaq. Referendumda prezidentə növbədənkənar seçkilər keçirmək səlahiyyətinin verilməsi yuxarıda deyilənlərlə izah oluna bilər».