Əkrəm Həsənov: “Məqsəd baş nazir postuna güclü şəxs gətirməkdir”

Əkrəm Həsənov

-

Konstitusiyaya edilən təklifləri müddəa-müddəa şərh edən hüquqşünas Əkrəm Həsənovun bəzi məsələlərə öz baxışı var. O hesab edir ki, indiki halda vitse-prezident postunun yaradılması ölkəni gözləyən iqtisadi problemlərdən sığortalamaqdan ötrüdür:

“Vitse-prezident güclü baş nazir olması üçün lazımdır".

Onun sözlərinə görə, mövcud Konstitusiyada prezidenti baş nazir əvəzləyə bilər ki, bu da hakimiyyətə təhlükələr yarada bilər:

“Verilən təkliflərə görə isə, prezidenti əvəz edə biləcək vəzifəli şəxsin baş nazir deyil, birinci vitse-prezidentin olması göstərilir. Zənnimcə, bu yeniliyin məqsədi güclü baş nazirin olmasıdır. Məlumdur ki, mövcud baş nazir çox zəifdir, vahid hökumət və siyasət yoxdur, nazirliklər arasındakı ziddiyyətlər və münaqişələr baş alıb gedir. İnkişaf dövründə buna dözmək mümkün idi. Lakin böhran anında ölkəyə iqtisadiyyatı idarə edə biləcək güclü vahid komanda lazımdır. Həmin komandaya da güclü baş nazir rəhbərlik etməlidir”.

“Baş nazirin ambisiyası yarana bilərdi”

Əkrəm Həsənov deyir ki, ötən illər ərzində bu vəzifəyə bir neçə nəfərin adı çəkilib, pərdəarxası bu post uğrunda mübarizə gedib və nəticədə dəyişiklik baş verməyib:

“Çünki geniş səlahiyyətlərə və vahid komandaya malik olan, ölkəni gündəlik cari idarə edən baş nazirin ambisiyaları əmələ gələ və digərlərinə təhlükə yarada bilər. Buna görə də hamını mövcud vəziyyət qane edirdi: real namizəd ortaya çıxan kimi digərləri ona qarşı birləşirdi ki, baş nazir ola bilməsin”.

Hüquqşünas hesab edir ki, referendumdan sonra vəziyyət dəyişəcək və baş nazir postuna daha güclü, işlək hökumət qura bilən şəxs gətiriləcək. O əlavə edir ki, vitse-prezidentin real səlahiyyəti və gündəlik işi, hər hansı məsuliyyəti olmur. “Yeganə funksiyası lazım olduqda prezidenti əvəz etməkdir. Buna görə də Azərbaycanda vitse-prezident məhz belə fiqur olacaq: potensial əvəzedici kimi hamını qane edəcək, amma real səlahiyyətə, gündəlik işə və məsuliyyətə malik olmayacaq”, hüquqşünas deyir.