Lisenziyası ləğv edilən bankların qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacağı deyilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası iyulun 21-də «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyalarını geri alıb.
APA Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən bildirir ki, adıçəkilən banklarda sığorta hadisəsi baş verib.
2016-cı il martın 2-dən qorunan əmanətlə görə yeni faiz dərəcələri müəyyən edilib. Bu, milli valyuta üzrə 12, xarici valyuta üzrə 3 faiz həddindədir. Fondun iştirakçı banklardakı bütün qorunan əmanətləri məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının rəhbəri Rüfət Aslanlı bildirmişdi ki, həmin banklarda 140 milyon 300 min manat qorunan əmanət var. Əmanətlərin Sığortalanması Fondundan isə bu məbləğin bir qədər aşağı olduğu qeyd edilirdi. Fondan o da bildirilmişdi ki, əmanətlərin qaytarılmasından ötrü Mərkəzi Bankdan 100 milyon manat kredit götürmək niyyətindədirlər.