Metallurgiya nəhənginə 1 milyard qiymət qoyuldu

-

Özəlləşdirməyə çıxarılan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti 1 milyard manat həcmində qiymətləndirilir.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin strateji özəlləşdirmə şöbəsinin rəhbəri Yalçın Camalov bildirib.

O, Marja.az-a deyib ki, satınalma prosedurlarına başlanılmasından ötrü dövlət strukturlarına rəsmi müraciət olunub.

“Müəssisə investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək. Bu zaman yerli və xarici investorların iştirakına məhdudiyyət qoyulmayacaq. Müəssisənin qiyməti təxminən 1 milyard manat həcmində dəyərləndirlib”, Y.Camalov bildirib.

Buna da bax: Daşkəsən dəmiri uğrunda 3-cü mübarizə başlanıb

Onun sözlərinə görə, məsləhətçi şirkətlə birgə “Daşkəsən Filizsaflaşdırma”nın texniki-iqtisadi təhlilləri aparılacaq. Təhlillər nəticəsində şərtlər toplusu hazırlanacaq.

“Sənəddə yerli xammala əsaslanan, ixracyönlü polad məhsullarının istehsalını özündə əks etdirən bir klasterin ( məhsulların istehsalından başlayaraq son istehlakçıya qədər olan təchizat zəncirini özündə əks etdirən klaster-AR) qurulması əsas şərtlərdən olacaq. Regionlarda minimum 1000 iş yerinin açılması da mühüm tələblərdəndir. Eyni zamanda, özəlləşdirmə prosesində əmək haqqı borclarının ödənilməsi, digər sosial məsələlərin də həllini tapması gözlənilir”.

Şöbə rəhbəri Dəskəsəndəki investisiya proqramının 2 -3 ilə yerinə yetirilməsinin proqnozlaşdırıldığını bildirib.

Azərbaycanda fəaliyyəti dayanan bir sıra müəssisələrdə işçilərə xeyli miqdarda əmək haqqı borcları qalıb.

İyulun 13-də ölkə başçısı “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşməyə çıxarılması haqqında sərəncam imzalayıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

İyulun 19-da da O, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərman verib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.