-
"Əgər bir gürcü rəssamı kinonun, ədəbiyyatın, mədəniyyətin təbliğatına, inkişafına kifayət qədər dəstək göstərən dövlətin mədəni siyasətindən şikayət edirsə gör indi biz nə gündəyik?"
Seymur Baycan
TƏRCÜMƏNİN MÜMKÜNSÜZLÜYÜ
26 may Gürcüstanın müstəqillik günü Şota Rustaveli prospektində gəzirəm. İnsanlar alış-veriş edir, gəzişir, şəkil çəkdirir, müxtəlif teatrların göstərdikləri səhnəciklərə baxır, canlı musiqiyə qulaq asırlar. Ətrafda bayram ab-havası hökm sürür. Uşaqların əllərində bayraqlar var. Qızlar başlarına çiçəklərdən düzəldilmiş çələnglər qoyublar. Gəzə-gəzə, ətrafda baş verənlərə baxa-baxa düşünməkdəyəm. Düşünürəm ki, iki gün sonra bizdə də əslində belə bir bayram keçirilməlidir. Adamlar həqiqətən əylənməlidirlər, bayramı hiss
etməlidirlər. Bir-birlərini qonaqlıqlara çağırmalı, bir-birlərini ziyafətlərə, məclislərə dəvət etməlidirlər. Şirkətlər, idarələr, müəssisələr işçilərinə hədiyyələr verməlidirlər. Bayramla əlaqəli müxtəlif cür müsabiqələr keçirilməlidir. Əslində belə olmalıdır. Amma iyirmi ildən artıqdır ki, mövcud hakimiyyət bu bayrama, bu bayramı yaradanlara qarşı laqeydlik, soyuqluq, daha konkret desək düşmənçilik nümayiş etdirməkdədir. Bu düşmənçilik siyasəti insanlara da istər-istəməz sirayət etməkdədir. Bayramlar da bölüşdürülüb. Elə bir vəziyyət yaradılıb ki, sanki 28 May bayramını ölkədə ancaq müxalifət düşərgəsinə aid adamlar qeyd etməlidir. Bir az hakimiyyətə yaxın, büdcədən dolanan, hakimiyyətin siyasi iradəsini, diktəsini qeyri-şərtsiz qəbul etmiş adam 28 May bayramını təntənəylə qeyd etsə bu onun üçün yaxşı olmaz. Çünki hakimiyyətin 28 Maya və 28 Mayı yaradanlara qarşı düşmən münasibəti adamlara yaxşı məlumdur. Həm də son iyirmi ildə məmləkətdə o qədər qanunsuzluqlar, ədalətsizliklər baş verdi ki, insanlar müstəqillik sözünə istər-istəməz şübhəylə, qorxuyla, kinayə ilə yanaşdılar. Məmləkətdə son iyirmi ildə baş verənlər adamları sovet zamanını nostalji hissi ilə xatırlamağa vadar etdi. İndi bizim ölkədə müstəqillik, demokratiya sözləri xaos, anarxiya sözünün sinonimi kimi başa düşülür.
Buna da bax: "Respublika Günü qeyd olundu"
Gəzə-gəzə, ətrafda baş verənlərə baxa-baxa, düşünə-düşünə gəlib çatdım prospektin sonuna. Burda gürcü millətinə mənsub rəssam tanışımla qarşılaşdım. Yüngülvari hal-əhval tutandan sonra rəssam şikayətlənməyə
başladı. Gəzən, şəkil çəkdirən, musiqiyə qulaq asan adamları göstərib dedi: "Görürsən bu karikaturanı. Bu karikaturaya milyonlar xərcləyiblər. İlin-günün bu vaxtı bu karikaturaya milyonlar xərcləmək nəyə lazımdır? Əsəbimdən ölürəm. Guya bayram keçirirlər. Hansı bayram? Bayram deyil bu, karikaturadı".
Deyəsən o ürəyini boşaltmağa adam axtarırmış. Bəlkə də mənə qədər ürəyini bir neçə dəfə boşaldıbmış. Ya onun dinləyiciləri yaxşı dinləyici çıxmamışdı, ya da ürəyi çox dolu idi, tam boşalda bilməmişdi. Sözünü kəsib dedim: "Axı burda pis nə var ki, adamlar gəzirlər, əylənirlər, bayramı qeyd edirlər". Rəssam dedi ki, çox pul xərcləyiblər bu bayrama. Mən o pulla il boyu Gürcüstanda neçə-neçə ciddi mədəni tədbir təşkil edərdim. Dünyanın hər yerindən adam çağırıb ölkəni tanıdardım. Master klasslar keçirərdim. Mədəniyyətəpul xərcləmək lazımdı...
Buna da bax: "Seymur Baycan. Sabir günləri"
Rəssam belə-belə danışdı və prospektin sonuna qoyulmuş iki tankı göstərib dedi: "Nəyə lazımdı bu tanklar. Bilirsən o tankları bura gətirmək üçün nə qədər pul xərcləyiblər? Mən əsərlərimi sata bilmirəm, bunlar da gətirib meydana tank qoyublar. Sən hələ tankın qabağında şəkil çəkdirənlərə bax. Qaldırıb tankı vurasan təpələrinə. Sən də deyirsən mən bu bayrama sevinməliyəm. Niyə sevinməliyəm? Bir tədbir keçirmək istəyirsən. Gedib mədəniyyət nazirliyindən pul istəyirsən. Beş qazan sənəd istəyirlər. Hara xərcləyəcəksən? Kim gələcək? Ölkə üçün xeyri nə olacaq? Deyirəm sərgi
təşkil edirəm. Rəssamlar gələcək. Ölkə üçün də xeyri odur ki, bizi tək oynamaqla, xəngəllə, xəncərlə tanımayacaqlar, sənətlə də tanıyacaqlar. Keçən il istədim gənc rəssamların yay düşərgəsini təşkil edim, pul tapmadım. Mədəniyyətə pul tapmırlar, amma hər cür axmaq işlərə pul tapırlar " .
Bu tonda, bu havada danışır. Dayanmır. Dayandıra bilmirəm. O danışır, mən isə beynimdə iki ölkə arasındakı vəziyyəti müqayisə etməkdəyəm. Əlbəttə onun danışdıqları bəndəniz tərəfindən tam qəbul edilə bilməz. Dediklərində haqsız məqamlar da var. Gürcüstan dövləti mədəniyyətin, kinonun, ədəbiyyatın təbliğatına, inkişafına imkanlar çərçivəsində kifayət qədər dəstək göstərir. Bu həqiqi dəstəkdi. Tədbirlər şəkil çəkdirmək üçün təşkil olunmur. Bu tədbirlər real nəticələr göstərməkdədi və əgər Rusiyanın ölkəyə kobud müdaxiləsi olmasa gələcəkdə lap böyük effektlər göstərəcək. Uzağa getməyək bu ilin may ayında Tiflisdə keçirilən Beynəlxalq Ədəbiyyat Festivalına həm də mədəniyyət nazirliyi sponsorluq etmişdi. Nazir idi, yoxsa nazir müavini idi,açılışa gəlmişdi. İnanın heç maraqlanmadım kimdi gələn. Çünki başqaları
da maraqlanmadı. Gəldi açılışda ikicə dəqiqə çıxış etdi. Dedi xoş gəlmisiniz, yeyin-için, gəzin, Gürcüstan camaatı həmişə şairə, yazıçıya hörmət etmişdir zad... Daha bu adamın nə qabağına yüyürən oldu, nə əlini öpən oldu nə də qarşısında ikiqat əyilən. Qərəz, aydın məsələdi. Çox xırdalıqlara girib özümün və yazını oxuyacaq adamların qanını qaraltmaq istəmirəm.
Buna da bax: "Gürcüstanda “Sovet İşğalı Günü” qeyd edilir"
Rəssam tanışım Gürcüstan dövlətinin mədəniyyət siyasətini sərt tənqid edir. Qulaq asıram. Dediklərinin hamısını qəbul edə bilmirəm. Yenə beynimdə öz vəziyyətimizi düşünməkdəyəm. Əgər bir gürcü rəssamı kinonun, ədəbiyyatın, ümumilikdə götürəndə mədəniyyətin təbliğatına, inkişafına kifayət qədər dəstək göstərən dövlətin mədəni siyasətindən şikayət edirsə gör indi biz nə gündəyik? Gör bizdə vəziyyət necə ağırdı? İndi bu adama desəm ki, bizim ölkədə mənasız tədbirlərə nələr xərclənib, nələr xərclənir, yəqin havalanar. Ya da dedikərimə inanmaz. Ən yaxşısı susmaqdı. Onu dinləyirəm, bununla belə bir sənət insanının dövlətinin mədəniyyət siyasətindən şikayətlənməsi də ürəyimcədir. Belə də olmalıdır. Ona deyirəm:
- Bizdə bu bayram qadağandı.
- Necə qadağandı? Axı mən biləni bizdən sonra siz də müstəqilliyinizi elan etmisiniz?
- Hə, düzdü, sizdən sonra biz də müstəqilliyimizi elan etmişik.
- Bəs onda niyə bu bayram qadağandı?
- Həm qadağandı, həm də qadağan deyil.
- O necə olur?
- Yəni hökümət rəsmən bayramı qadağan etməyib, amma həm də qadağan edib, guya bayram keçirilir, amma həm də keçirilmir.
Dialoqu tam yazmıram. Çünki mən ona bir bayramın necə qadağan oldunduğunu, həm də rəsmən qadağan olunmadığını, bayramın həm keçirildiyini, həm də keçirilmədiyini başa sala bilmədim. Mümkün olmadı. Bir daha başa düşdüm ki, ölkəmizdə elə hadisələr baş verir ki, o hadisələrin nə demək olduğunu bilmək üçün gərək mütləq Azərbaycanda yaşayasan. Bir dəfə bir çexə dedim ki, bizim ölkədə zaqs kağızı olmasa kişi və qadına oteldə eyni otaqda yer verilmir. Mat qaldı. Soruşdu niyə verilmir. Dedim sadəcə verilmir. Dedi bəyəm sizin ölkə şəriət qanunları ilə idarə olunur. Dedim yox. Dedi bəs onda niyə qadınla kişiyə eyni otaqda yer verilmir. Dedim verilmir və burda heç bir məntiq axtarmaq lazım deyil. Verilmir vəssalam. Qərəz, adama heç nə başa sala bilmədim. Yadıma “Dadaşbala əməliyyatı” tamaşasından bir səhnə düşdü. Həmin tamaşada yadplanetli Dadaşbalaya deyir: "Dadaşbala, sizi başa düşmək olmur". Dadaşbala da yadplanetliyə deyir ki, bizi başa düşmək çətindi. Bizi başa düşmək üçün gərək əvvəlcə oktyabryata keçəsən. Sonra pionerə keçəsən. Sonra komsomola keçəsən. Sonra da partiyaya keçəsən. Keçəsən, keçəsən, keçəsən....
***
Xülasə, rəssam tanışıma bir bayramın necə qadağan olunduğunu həm də qadağan olunmadığını başa sala bilmədim. O dediklərimi zarafat kimi qəbul elədi. Elə bildi bir yazıçı kimi söz oynadıram. Niyə bu söhbət, rəssamla görüşməyim yadıma düşdü? Təxminən on gün əvvəl küçədə yenə rəssamla qarşılaşdım. Tərslikdən qarşılaşdığımız yerdə divar boyu müxtəlif konsert afişaları vurulmuşdu. Gürcüstana mədəniyyət nazirliyi ölkəni təbliğ etmək üçün dünyanın müxtəlif yerlərindən müğənnilər çağırır, konsertlər təşkil edir və bu konsertlər bir xeyli sənət adamları tərəfindən narazılıqla qarşılanır. Rəssam afişaları göstərib başladı nə başladı: "Görürsən bunları, harda ... (nöqtələrin yerini özünüz doldurun) var, tapıb gətirirlər Gürcüstana konsertini keçirirlər, guya ölkəni təbliğ edirlər. Sən allah bunların sifətinə bax. Əgər bunlardan biri beş kitabı axıra qədər oxuyubsa mən dünyanın ən ... (nöqtələrin yerini özünüz doldurun) adamıyam. Bu siyasətin nəticəsində Gürcüstanda nəinki sənət haqqında danışmağa, ümumiyyətlə danışmağa adam qalmayıb..."
O danışır, mən isə yenə də beynimdə öz vəziyyətimizi düşünməkdəyəm. Ona demədim ki, bizim ölkədə hansı müğənnilərə nə pullar xərclənib. O danışır və danışdıqlarından, şikayətlərindən belə nəticələr çıxarıram ki, biz, yəni azərbaycanlılar ümumiyyətlə yoxuq, mövcud deyilik. Sadəcə bircə o qalıb ki, öz yoxluğumuzu, mövcud olmadığımızı üzüsulu qəbul edək.
Yaxşı ki, rəssam bu dəfə tələsirdi. Vaxtı az idi. Amma adam böyük istedad sahibidir. On beş dəqiqə ərzində həm dünyada, həm də Gürcüstanda baş verən hadisələrdən danışmağa, bu hadisələrə öz münasibətini bildirməyə, həm şəxsi həyatındakı, həm də yaradıcılığındakı yeniliklərdən məlumat verməyə macal tapdı.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)