-
İyulun 30-dan Azərbaycanda çörəyin qiymətinin artacağı bildirilir.
Turan-ın xəbərinə görə, respublikada çörək istehsalı ilə məşğul olan iş adamlarının toplantısında belə qərara gəlinib. Toplantının iyulun 28-də keçirildiyi bildirilir.
Xəbərdə qeyd edilir ki, istehsalçılarının razılaşmasına görə, 30 qəpiklik çörək 40-a, 40 qəpiklik də 50-yə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.
Turan-ın araşdırmalarına görə, artıq iyulun 29-dan etibarən bir kisə unun qiyməti 1-2 manat bahalaşıb. Bunu “Nur” zavodunun – iri çörək-bulka məmulatları istehsalçısının adının açıqlanmasını istəməyən nümayəndəsi də təsdiqləyib.
Ancaq, “Baker” çörək istehsalı zavodunun nümayəndəsi bildirib ki, unun bahalaşması haqqında məlumatı yoxdur.
1 nömrəli çörək zavodundan da deyiblər ki, qiymətlərin bahalaşdığını internetdən öyrəniblər. Onların zavodunun məhsulları, hələlik, bahalaşmayıb.
Ancaq ayrı-ayrı vətəndaşlar bildirirlər ki, elə iyulun 29-dan bəzi marketlərdə çörəyin qiymətinin 10 qəpik bahalaşması ilə rastlaşıblar.
Hərçənd, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Azadlıq Radiosuna bu deyilənləri təkzib etmişdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Onun deməsinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb.
Ekspertlər qeyd edirlər ki, elektrik enerjisinin bahalaşması üzündən çörəyin qiymətində artım gözləniləndir. Onların fikrincə bahalaşma tədricən müxtəlif sahələrdə özünü göstərəcək.
Çörəyin qiymətinin artımına əsas varmı?
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bildirir ki, çörəyin qiymətinin qalxması gözləniləndir. Bunun qarşısını administrativ üsullarla almaq mümkün deyil. Bunun qarşısını almaq üçün hökumət öz əlində olan imkanlarından istifadə etməlidir, yəni gömrük və vergi sistemində güşəştlər tətbiq etməlidir.
“İstehlakçı hüquqlarını qoruyan təşkilatın sədri olaraq istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıyam. Və qiymətlərin aşağı düşməsinin tərəfdarıyam. Bizim ofisimizdə bir karikatura plakatı var. Orda yazılıb ki, “ bir daha qalxan qiymət, bir daha enməz!”.
Çox təəssüf ki, Azərbaycanda yalnız belə tendensiya gedir. İstehlakçıların hüquqları pozulur. Və çox təəssüf ki, azad bazar iqtisadiyyatı prinsiplərinə bəzən hökumət orqanları müdaxilə edir.Böyük ştatla 9 mərtəbəli binada oturmuş İqtisadiyyat Nazirliyi istehlak səbətində olan 36 adda məhsulun və xidmətin qiymətinin hamısının demək olar ki, 20-25 faiz qalxmasına əhəmiyyət vermir, çörəyin qiymətinin sabit qalması üçün işlər görür. Bu düzgün deyil.
Çünki çörəyin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Hökumətin qiymətin qalxmasının qarşısını almaq üçün atdığı addımlar rasional və effektli deyil. Hökumət öz əlində olan imkanlardan yəni gömrük və vergi sistemindən istifadə edib, çörəyin qiymətini aşağı sala bilər. Çörəyin qiymətinin qalxması gözlənilən idi. Özü də nazirlik sosial çörək olan zavod çörəyinin qiymətini tənzimləyir. Bu doğru deyil. Bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Biznes qurumlarının işinə maneçilik törədən amildir. Çörəyin qiymətinin qalxmasının qarşısını almaq üçün Azərbaycanda azad bazar iqtisadiyyatı, normal rəqabət mühiti yaradılmalıdır. Administrativ üsullarla, məmurun barmaq silkələməsi ilə çörəyin qiyməti düşə bilməz.”
TAXILIN QİYMƏTİ DÜŞÜR, ÇÖRƏK BAHALANIR?
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, dünya bazarında taxılın qiyməti aşağı düşdüyü bir vaxtda Azərbaycanda çörək bahalaşır. Bunun səbəbi isə odur ki, Azərbaycanda istehsal baha başa gəlir.
“Son zamanlar unun qiymətində, istehsal vasitələrinin qiymətində artım müşahidə olunur. Baxmayaraq ki, dünya bazarında taxılın qiymətində əksinə çox ciddi azalma var. 1 ton 200 dollardan, 145 dollara düşüb. Azərbaycanda istehsal baha başa gəldiyi üçün çörək istehsalı da baha başa gəlir. Digər ölkələrdə, postsovet ölkələrində bu məsələləri necə tənzimləyirlər?
Dövlət xüsusi proqram çərçivəsində maliyyə resursları ayırır və əhalinin kasıb təbəqəsi üçün sosial çörək istehsal olunur. Çox ucuz qiymətə, təxminən bizim manatla yarım kiloqramı 15 qəpiyə istehlakçılara təklif olunur. Qazaxıstanda, Türkmənistanda, Rusiyanın özündə də xüsusi dövlət proqramı çərçivəsində çörək istehsal olunur. Təəssüflər olsun ki, Azərbaycanda biz uzun müddətdir ki, bu təklifi veririk, hökumət müsbət reaksiya vermir. Çörəyin qiymətinin artımı əhalinin kasıb təbəqəsinə çox ciddi təsir edəcək. Ona görə ki, əhalinin kasıb təbəqəsi demək olar ki, yalnız çörək istehlakı ilə özünü dolandıra bilir. Onların ət almağa, digər yüksək kalorili məhsul almağa imkanları olmadığından daha çox çörək istehlak edirlər.”
HÖKUMƏTİN İMKANLARI
İqtisadçı ekspert Qadir İbrahimli isə bildirir ki,dövlət müəyyən iqtisadi alətlərindən istifadə edib qiymtin qalxmamasını tənzimləyə bilərdi. Amma görünür hökumətin imkanları buna yetərli deyil:
“Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər sırasına daxil deyil. Çörəyin qiymətini bazar özü tənzimləməlidir. Bu baxımdan iki kəskin devalvasiyadan sonra çörəyin qiymətinin artırılmasına təbii yanaşmaq lazımdır. Azərbaycanda bişirilən çörəyin xammalı, yəni un, taxıl xaricdən idxal olunur. Həm idxalda bahalaşma, həm də daşınma xərclərinin artımı çörəyin qiymətinin qalxmasına gətirib çıxarmalı idi.
Dövlət müəyyən iqtisadi alətlərindən istifadə edib bu sahədə qiymətlərin kəskin qalxmaması üçün müəyyən qayda qanun yarada bilərdi. Çünki çörək elə bir məhsuldur ki, hər gün istifadə olunur. Ancaq hökumətin imkanları buna yetərli deyil. Obyektiv səbəbi odur ki, ölkənin özündə lazımi qədər taxıl istehsal olunmur ki, hökumət bu sahəyə müdaxilə edə bilsin. Əhalinin un və un məhsullarına olan tələbatı daha çox idxal hesabına formalaşır.
İkinci, hökumət Taxıl Fondu hesabına hansısa müdaxilələr həyata keçirə bilərdi, yəni ehtiyyatları nisbətən ucuz qiymətə bazara buraxa bilərdi. Ancaq hökumət buna da getmədi. Görünür indiki vəziyyətdə ən optimal yol çörəyin qiymətinin qaldırılmasıdır. Təbii ki, insanların sosial rifahına mənfi təsir edəcək bir addımdır. İqtisadi amillərin təhlili də göstərir ki, başqa yol da yoxdur.”