"Bizdə siyasi məhbus yoxdur" - hekayə

İllustrasiya

-

Ancaq bir dəfə anam televizorda xəbər aparıcısından: “Bizdə siyasi məhbus yoxdur,” – fikirini eşidəndə: “Yalansa, sizi yalan kəssin,”

Elnaz Eyvaz

MƏHBUS

Barmaqlarımın ucunda ehtiyatla mətbəxə tərəf getdim. Qapı aralı idi. Qardaşım ağzını marçıldada-marçıldada qızardılmış toyuğun tavaya yapışmış dərisini qazıyıb yeyirdi.

Atamın həbsindən sonra dolanışığımız daha da çətinləşmişdi. Bəzən çörək almağa da pulumuz olmurdu. Anam bizə tapşırırdı ki, heç kəsə nəyimiz var, nəyimiz yox deməyin. Atanız bilsə, hirslənər.

Dayım, əmilərim atamın yanına ərzaq ehtiyatı aparmağı növbələşdirmişdilər: hər dəfə biri gedirdi. Hər ayın axırı isə anam özü tədarük görürdü. Nə qədər dilə tutsalar da, anamı yola gətirə bilməmişdilər. Anam bu tədarükü elə görərdi ki, xəbərimiz olmazdı. Gecə səhərə qədər mətbəxdən çıxmaz, bişirib-düşürər, səhər tezdən ya dayıma, ya da əmimə qoşulub gedərdi. Biz yuxudan duranda anam artıq atamla görüşmüş olardı. Hər dəfə də mətbəxin, otaqların pəncərəsini açıq qoyub gedərdi. Sonralar başa düşdüm ki,bişirdiyi yeməklərin iyi evdən çıxsın deyə, belə edirmiş.

Buna da bax: "Sonra gəl şagirdə başa sal ki bayraq müqəddəsdir..."

Anam heç vaxt bu işdə ona yardım etməyimə razı olmurdu. Nə qədər cəhd eləsəm də:

Get yat, səhərəcən oyaq qalmaq sənin işin deyil. Həm də fikrimi dağıdıram, mane olma, - deyirdi.

Ancaq yaxşı bilirdim ki, bu, mane olmaq söhbəti deyil. Nə vaxtdır dadmadığımız yeməkləri mənim yanımda bişirməyə ürəyi gəlmirdi. Axı bilirdim ki, bişirdiklərindən özü də dilinə vurmur.

Əslində, nə qardaşım, nə də mən atamın hansı səbəbdən həbs olunduğunu bilirdik. Bu mövzuda söhbətləri bizim yanımızda etmirdilər. Bircə onu bilirdik ki, atamız həbs olunub. Hər məhkəmədən sonra atamızın günahsız olduğunun sübut olunacağına, bu dəfə qapı açılanda anamla birgə içəri girəcəyinə ümid edirdik. Hər dəfə də ümidlərimiz boşa çıxırdı.

Ancaq bir dəfə anam televizorda xəbər aparıcısından: “Bizdə siyasi məhbus yoxdur,” – fikirini eşidəndə: “Yalansa, sizi yalan kəssin,” – dedi. Anamdan bunun nə demək olduğunu soruşanda:

Get dərslərini oxu, atan gələndə gündəliyinə baxacaq, - dedi.

Yeni il qabağı hamı bayrama, anam isə yenə məhkəməyə hazırlaşırdı. Evimizdə bayram əhvalı yox idi. Atam həbs olunmamışdan əvvəl Yeni ili qarşılamağa başqa cür hazırlaşardıq. Anam ev-eşiyə əl gəzdirər, atam bizimlə birlikdə yolkamızı qurar, bəzəyərdi. Ancaq indi Yeni ildən daha çox atamızın gəlişini gözləyirdik.

Buna da bax: "Castro da deyir ki, Kubada siyasi məhbus yoxdur"

Məhkəmə axşamı qardaşım balkondakı şkafdan yolkanı çıxarıb sürüyə-sürüyə gətirdi. Sonra oyuncaqla dolu qutunu anama verib:

Ana, bəzəyək də, noolar. Atam gələndə görüb sevinsin, - dedi.

Anam qardaşımı qucaqlayıb üz-gözündən öpdü. Nə qədər dilə tutdu ki, atan gələndən sonra özü ilə qurub-bəzəyərsən, olmadı. Elə hey dedi ki, atama sürpriz etmək istəyirəm. Anam da əlacsız qalıb yolkanı bəzədi.

Anam növbəti məhkəmədən qayıdanda qardaşım qapıya cumdu. Gün boyu qurduğu xəyalları mənimlə bölüşən balaca, şıltaq uşağın anamızı tək görəndə qırılan ümidlərinin cingiltisini eşitdim sanki.

Yazar Elnaz Eyvaz.

O, anamı içəri ötürüb çölə boylandı. Qapının arxasına baxdı. Yəqin elə bildi ki, atam bizə sürpriz etmək üçün gizlənib. Atamı görməyəndə içəri keçib qapını bağladı. Heç nə soruşmadı. Otağa yüyürüb yolkanın qabağında oturdu. Oyuncaqları bir-bir söküb yerə qoydu. Necə daşıyıb gətirmişdi, elə də sürüyə-sürüyə aparıb balkondakı şkafa yığdı.