Azərbaycan hakimiyyətinin neft bulağından içən britaniyalı nazir

Liam Fox

Böyük Britaniyanın beynəlxalq ticarət üzrə yeni naziri Liam Fox Bakıdakı hakim rejimlə sıx əlaqələrdən xeyli faydalanıbmış. «The Guardian» qəzetində Nick Cohen bu barədə yazır.

2013-cü ildə Dr. Liam Fox-un qloballaşma problemlərindən söz açan «Qabarmalar» (Rising Tides) adlı kitabı çapdan çıxıb. Müəllif yazır ki, kitabı elə bil görüşlər arası telefona diktə edib, məqsədsiz, boşboğaz bir iş sayıla bilər. Kitab satışının monitorinqini aparan «Nielsen International»dan deyiblər ki, kitabın ingilisdilli versiyası Böyük Britaniyada cəmi 1723, ingilisdilli xarici bazarlarda isə 1876 nüsxəsi satılıb.

BAKIDA PREZİDENTLƏ DƏ GÖRÜŞÜB

«Azərbaycanın neftlə varlanmış diktaturası Londondakı lobbiçiləri vasitəsilə Dr. Fox-a 5 min 700 funt sterlinq ödəyib kitabın azərbaycancaya tərcümə haqqını alıblar. Azərbaycandakı rejimin səxavəti bununla bitməyib. 2015-ci ilin fevralında rejim onun və köməkçisinin İstanbula səfərini təşkil edib. Fox burada kitabının təqdimatını keçirib, dəbdəbəli oteldə qalıb. «4-günlük səfər 3 min 579 funt sterlinqə başa gəlib», - yazan müəllif Dr. Fox-un 2014-cü ilin sentyabrında Bakıda olduğunu, prezident İlham Əliyevlə görüşdüyünü də yada salır.

«İlham Əliyev 1993-cü ildə hakimiyyəti ələ keçirmiş Heydər Əliyevin oğludur. «Panama sənədləri» üzə çıxardı ki, Əliyevlərin və yaxınlarının ofşor hesablarda 490 milyon dollarlıq sərvəti var. Bu pulun hara sərf olunması ilə maraqlanan vətəndaşlar özlərini riskə atmış olurlar. Rejim tənqidçilərini həbsə atdırıb, müxalifət qruplarının bank hesablarını dondurub, ifadə azadlığını boğub. Dr. Fox-un gülünc ikiüzlülüyü barədə danışmaq istərdim. O, britaniyalıları Avropa Birliyindən çıxmağa çağırırdı ki, «seçki qutuları vasitəsilə deputatları qova bilək». Amma Azərbaycan xalqının belə bir azadlığı yoxdur. «Qabarmalar» kitabında «qanuni sayılan azadlıq»ı müdafiə etməyə çalışıb. Azərbaycanda isə azadlıq deyilən şey yoxdur, bircə hakim qanqsterlər oğurlayır və hədə-qorxu gəlirlər və toxunulmaz qalırlar».

Buna da bax - Azərbaycanın lobbiçilik səylərinin ABŞ əks-sədası

VAXTİLƏ KREML DƏ BELƏ EDİRDİ

Yazıda qeyd olunur ki, cəmi bir neçə ay öncə, Dr. Fox «biabır olmuş keçmiş müdafiə naziri Liam Fox» idi, heç kim idi, nazirlik etikasını pozması iddiaları üzündən istefaya məcbur olmuşdu. Dostu, özünü onun müşaviri kimi aparan Adam Werritty-yə bəxşişlər verdiyi söylənirdi. ««Brexit» (Böyük Britaniyanın AB-dən çıxması-AR) onu hökumətə qaytardı. Baş nazir Theresa May ona bütün dünyada demokratiyalar və diktaturalarla ticarət sövdələşmələri bağlamağı tapşırıb. Azərbaycandakı korrupsioner diktatura da bu sıradadır».

«Onun və bizim problemimiz də bundadır. Dr. Fox-un yazdığı kitab adi bir futbol meydançasını dolduracaq sayda oxucu qazanmayıb. Heç kəs bu kitabı fransız, ispan, çin, hindu, yaxud dünyanın hər hansı böyük dilinə çevirmək ehtiyacı duymayıb. Bircə Azərbaycan Dr. Fox-a pul verib kitabın hüquqlarını almaq istəyib. Kitab və qəzet almaq xaricdəki rəğbət bəsləyənləri dəstəkləməkdən ötrü köhnə sovet metodudur. Kreml vaxtilə Britaniyanın kommunist nəşri olan «Morning Star»ın gündə 6 min nüsxəsini alırdı. «Soyuq müharibə» dövründə Moskvada kiminsə bu qəzeti oxumaq istəməsini ağla gətirmək qəliz məsələydi. Amma Moskva bu yolla diktaturanın dostlarının cibinə pul qoyurdu», - yazıda qeyd olunur.

Buna da bax - Anar Məmmədov keçmiş konqresmenin pulunu kəsib

VERGİÖDƏYİCİLƏRİN PULU

Müəllif vurğulayır ki, Fox hərəkətləri ilə Azərbaycandakı diktaturanın dostu olduğunu göstərir. Onun 2016-cı ilin yanvarında baş nazir David Cameron-un Avropa məsələləri üzrə naziri olan David Lidington-la bir deyişməsi diqqət çəkir. Lidington deputatlara deyirmiş ki, ifadə və digər azadlıqların irəli aparılmasından ötrü AB-nin 28 üzvü birlikdə olmalıdır. Lidington-un sözlərincə, AB birlikdə Səudiyyə Ərəbistanında edamlara qarşı çıxır, Azərbaycanda insan haqları pozuntularını pisləyirdi. Amma Dr. Fox çıxışında demokratik azadlıqlar söhbətinə toxunmayıb, söyləyib ki, AB-də insan haqları kampaniyaçılarının vergiödəyicilərin pulunu necə israf etməsindən danışmaq istəyir. Deyib ki, AB-nin aşırı bürokratik xərclərindənsə, «bu pulu özümüz xərcləsək, daha yaxşı olar».

Müəllif Dr. Fox-dan soruşub ki, kitab pulunu Azərbaycan prezidentinə dəstəyinə mükafat kimi alıb, yoxsa bu, normal bir nəşr müqaviləsi olub? Əgər ikincidirsə, Azərbaycanda kitabın neçə nüsxəsi satılıb? Dr Fox-un sözçüsü bunun bir nəşr müqaviləsi olduğunu və «Qabarmalar» kitabının tərcümə hüququnun lisenziyasını nəzərdə tutduğunu bildirib.

Buna da bax - 'The Observer' Heydərovları tənqid edir

TOYUQ HİNİNDƏ TÜLKÜLƏR

Amma müəllif qeyd edir ki, həmin müqavilə normal nəşr sazişi sayıla bilməz. Çünki naşirlər bu sahədə oturuşmuş şirkət deyil, özünü müstəqil adlandıran Avropa Azərbaycanlıları Cəmiyyətidir (TEAS). Dr. Fox-un uçuş və otel xərclərini də bu cəmiyyət ödəyib. Rejimin lobbiçilik və təbliğat qanadı Vestminsterdə bahalı ofisdə yerləşir, siyasətçilərə, reklamçılara pulları da burdan ötürür. Sözçü britaniyalıların gözardı etdiyi bu kitabın Azərbaycanda neçə nüsxəsinin satıldığını da açıqlamayıb.

«Sövdələşmələrə can atan Britaniya Səudiyyə Ərəbistanı, Azərbaycan, Çin, yaxud başqa bir ölkədə insan haqları məsələsini qaldırmağa ürək eləməz. Dr. Fox ucuzlaşdığımız zəmanənin adamıdır. Onun Azərbaycanla münasibətləri göstərir ki, bacarsa belə, həmin məsələləri qaldıran deyil. Gələcəyimiz qürurlu və müstəqil görünmür, əksinə, tutqun və çirkin olacaq, pis hökumətlərlə bağlanmış pis sazişlərlə doldurulacaq; gələcəkdə toyuq hinini tülkülər idarə edəcək», - müəllif yazır.

Hakimiyyət təmsilçiləri, adətən, ölkədə təməl insan hüquq və azadlıqlarının pozulması barədə tənqidləri qəbul etmir, bütün vətəndaşların hüquqlarının tam qorunduğunu bildirir.